“Xəzər Lənkəran”ın qapıçısı Duqlas Leytenin futbolinfo.az saytına müsahibəsi
– “İnter”lə səfər oyununda komandanız bir xal qazandı. Bunu necə qiymətləndirirsiz?
– Kubokda “Neftçala” üzərində böyükhesablı qələbə qazanmışdıq. Bu da istər-istəməz futbolçuların əhval-ruhiyyəsinin yüksəlməsinə kömək etmişdi. “İnter”lə matçda meydanda daha istəkli görünməyimiz də bunun göstəricisi idi. Yeni məşqçi, yeni düşüncə və yeni ab-hava ilə qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə edəcəyik.
– Bir müddət öncə mətbuatda sizin Braziliyaya qayıdacağınıza dair xəbərlər var idi. Doğrudan da “Quarani”yə getmək fikriniz var?
– Hazırda “Xəzər Lənkəran”ın futbolçusuyam. Bütün düşüncələrim bu komanda ilə bağlıdı. Amma qarşıda nə baş verəcək, onu birlikdə görəcəyik. İndi bu barədə danışmaq fikrində deyiləm.
– “Xəzər Lənkəran”ın ən problemli mövqeyi qapı ilə bağlıdı. Nə Orxan Sadıqlı, nə də siz bu problemi aradan qaldıra bilirsiz…
– Orxan Sadıqlı haqqında danışmaq istəmirəm. O, hələ gəncdi və gələcəyi qarşıdadı. Özümün isə tam istədiyim kimi oynaya bilməməyimin səbəbi hələ də Azərbaycana uyğunlaşmaqda çətinlik çəkməyimdi. Mən öz bacarığıma bələdəm və daha yaxşı oynaya biləcəyimi düşünürəm. Sadəcə, hələ Azərbaycan Premyer Liqasına adaptasiya olmamışam. Buna görə də heç kimi günahlandıra bilmərəm.
– Düşünmürsüz ki, Azərbaycana gəlməkdə səhv addım atmısız? Özünüz də dediyiniz kimi bura uyğunlaşa bilmirsiz…
– Yox, uyğunlaşa bilmirəmsə, bu səhv qərar demək deyil. Buna zaman lazımdı. “Xəzər Lənkəran” böyük camiədi və burada bir futbolçu üçün istənilən şərait yaradılıb ki, özünü göstərsin. Belə hallara dünya futbolunda da rast gəlmək mümkündü. Məsələn, ulduz futbolçu da olsa belə, hansısa ölkəyə gedəndə oynayar, uyğunlaşa bilmir. Məndə də eyni problemdi.
– Toşakın gedişindən sonra 3 oyunun heç birində meydana çıxmamısız. Bəlkə bu komandadan gedəcəyinizə bir işarədi?
– Mənim işim sadəcə hər oyuna yaxşı hazırlaşmaqdı. Kimin oynayacğına isə baş məşqçi qərar verir. Dekabrda qış fasiləsi zamanı haqqımda nə qərar qəbul ediləcəkcə, baş məşqçidən və rəhbərlikdən asılı olacaq. Yəni taleyim tam öz əlimdə deyil. Komandadan gedəsi olsam da, hər zaman “Xəzər Lənkəran”a azarkeşlik edəcəm. Burada çoxlu dostlar qazandım və Azərbaycanı unuda bilmərəm.
– Öz əlinizdə olsa, hansı qərarı verərdiz?
– Hələ qarşıda iki tur var. Turun oyunlarını başa vuraq, ondan sonra hər şeyə aydınlıq gələcək. Ümid edirəm ki, qış fasiləsində həm mənim, həm də “Xəzər Lənkəran” üçün uyğun qərar veriləcək.
– Hələ qarşıda iki tur var. Turun oyunlarını başa vuraq, ondan sonra hər şeyə aydınlıq gələcək. Ümid edirəm ki, qış fasiləsində həm mənim, həm də “Xəzər Lənkəran” üçün uyğun qərar veriləcək.
– Qarşıda “Rəvan”la oyun var. Doğma azarkeşlər önündə oynayacaqsız. 3 xalı azarkeşlərə uzun müddətdən sonra hədiyyə edə biləcəksiz?
– Baş məşqçimiz Mustafa Dənizli gələndə demişdi ki, bu son 3 oyunda minumum 7 xal qazanmalıyıq. Artıq “İnter”lə matç geridə qaldı və biz 1 xal qazandıq. Son iki oyunumuz qalıb. Bu oyunlarda da 6 xal qazanıb ili xoş əhval-ruhiyyə ilə başa vurmalıyıq.
ELSEVƏR





