1-ci divizionun 14-cü turunun "Neftçala" – "Araz Naxçıvan" qarşılaşmasından sonra qonaq komandanın meneceri Tahir Əliyev jurnalistlərə açıqlama verib. Futbolinfo.az xəbər verir ki, Əliyev oyunda baş verənlərə münasibət bildirib:
"Oyun hər iki komandanın gərgin mübarizəsi şəraitində keçdi. Üstünlük ən çox "Araz Naxçıvan"da idi. Qola bizim heç bir etirazımız yoxdu. Amma ikinci hissənin sonlarına yaxın "Neftçala"nın oyunçuları bəzən həqiqətən, bəzən də bilərəkdən yerə yıxılaraq vaxt aparırdı. Bu səbəbdən hakim təxminən 10 dəqiqə artırmalı idi. Amma hakim 5 dəqiqə əlavə etdi. Biz üstünlüyü ələ almışdıq, amma hakimin az vaxt əlavə etməsi düzgün olmadı".
Naxçıvan klubunun meneceri daha sonra paltardəyişmə otağının dəhlizində baş verənlərə də münasibət bildirib: "Bu, futboldu, belə şeylər olur. Hamımız ziyalı insanlarıq, xuliqanlıq etmirik. Hər kəs aqressiyasını hansısa yolla çıxarır. Ümumilikdə böyük bir şey baş vermədi. Biz Fariz Yusifovun idarəçiliyindən narazı qalmadıq. Sadəcə, əlavə edilən vaxta etiraz edirik".
Sonda klub rəsmisi bu barədə PFL-ə müraciət edəcəklərini bildirib: "Artıq klubumuzun rəsmilərindən bir nəfər baş verənləri protokola qeyd edib. Bu barədə nə etirazımız varsa, hamısı orada bildirilib. Bu yolla öz etirazımı bildiririk".





