“Xəzər Lənkəran”ın müdafiəçisi Vanderson Skarduellinin futbolinfo.az saytına müsahibəsi
– "Rəvan"la oyunda nəhayət ki, qələbə qazana bildiz. Qarşılaşma barədə nə deyə bilərsiz?
– Çətin oyun oldu. Bizim birinci hissədə daha çox hücumlarımız oldu. Elə buna görə də qol vurduq. İlk hissədə yenə qol vura bilərdik. Sadəcə, əlimizə düşən imkanları boşa verdik. Amma 3 xal bizim üçün çox vacib idi ki, bunu da qazandıq. Azarkeşlər də dəstək oldular. Şadam ki, onları sevindirə bildik. Biz uzun müddət idi ki, qalib gələ bilmirdik. Bu gün bu tilsimi qırdıq. Çox sevinirik.
– İkinci hissədə daha çox müdafiə olunurduz…
– Biz hesabda öndəydik və oyunumuzu daha çox əks-hücumlar üzərində qurmalıydıq. “Rəvan” hücuma atılmışdı və biz onları əks-hücumda yaxalayıb daha çox qol vura bilərdik. Özünüz də gördünüz ki, bir neçə dəfə belə şansımız oldu.
– 1:0 təhlükəli hesabdı. İkinci hissədə göründü ki, “Rəvan” istənilən an hesabda tarazlıq yarada bilərdi…
– Biz qol vurmağa çalışırdıq. Amma alınmırdı. Bir neçə dəfə şansımız oldu, amma yenə boşa verdik. Futbolda hər istədiyin an qol vura bilməzsən. Gərək şanslardan istifadə edəsən. Biz də əvvəlki oyunlardakı kimi şanslarımızı qaçırdıq. Rəqibin də bir neçə dəfə bəxti gətirdi. Top qapıdan aralı keçdi. İnanıram ki, yavaş-yavaş daha yaxşı oyun göstərəcəyik.
– Qarşıda daha bir zəif rəqiblə oyununuz var. Növbəti turda “Sumqayıt”la üz-üzə gələcəksiniz…
– Yox, mən belə deməzdim. Elə bir çempionatda oynayırıq ki, bütün komandalar çətin rəqib sayıla bilər. “Sumqayıt” elə də asan təslim olan rəqib deyil. Ona görə də onlara qarşı yaxşı hazırlaşmalı və rəqibimizi ciddiyə almalıyıq. Artıq son iki oyunda 4 xal qazanmışıq. Axırıncı oyunumuzda da 3 xal qazanıb 2013-cü ili yaxşı əhval-ruhiyyə ilə başa vurmalıyıq ki, mövsümün ikinci yarısına da istədiyimiz kimi hazırlaşaq. “Sumqayıt”dan da 3 xal almağa çalışacağıq.
– Gələn oyun kapitanınız meydanda olmayacaq…
– Bu, bizim üçün ciddi itkidi. Amma inanıram ki, Rahidsiz də hər şey yaxşı olacaq. O, bizim kapitanımızdı. Bu gün sarı vərəqə aldı və gələn oyunu buraxmalı olacaq. Sadəcə, ümid etməliyik ki, gələn oyun kapitanımızın yoxluğunu hiss etdirməyək.
ELSEVƏR





