Topaz Premyer Liqasının 17-ci turunda "Qarabağ" səfərdə "Bakı"ya 1:2 hesabı ilə məğlub oldu. Elə eyni gündə onun izləyiciləri, "Neftçi" və "Qəbələ" qarşılaşdı. Flaqman son dəqiqə qolu ilə "Qəbələ" üzərində qələbə qazanaraq "atlılar"ı zirvədən saldı.
"Qarabağ"ın "Bakı" məğlubiyyətinin səbəbi, ikinci dövrənin son oyunu, komandanın qış fasiləsindən necə yararlanacağına dair suallarımızı komandanın icracı drektoru Əmrah Çəlikəlin cavablandırmasını istədik. Lakin bir-iki sualmızı cavablandıran Əmrah bəy səsimizin zəif gəldiyini bəhanə edərək telefonu üzümüzə qapadı. Biz daha hümanist düşünüb, telefon əlaqəsi zamanı dalğanın itdiyini düşündük. 10 saniyə sonra yenidən Əmrah bəyi yığdıq. Bu dəfə icraçı drektor telefonu qaldırmadı. Görünür, komandasının ancaq qələbə qazandığı ərəfədə danışmağı sevən Çəlikəl "Bakı"ya məğlub olmalarını həzm edə bilməyib. Yaxşı ki, Əmrah bəy "Sumqayıt", "Rəvan" kimi autsayder klubların rəsmisi deyil. Yoxsa, Çəlikəldən söz qopartmaq ümumiyyətlə müşkül məsələ olardı…
EMİN SƏFƏROV





