AFFA İcraiyyə Komitəsinin iclasları və onlardan sonrakı açıqlamalar həmişə şən alınır. Çünki bu iclaslarda samballı, qalstuklu və öz fəaliyyətləri ilə bütün ölkənin həyatında ciddi dəyişikliklər edə biləcək səlahiyyətlərə malik kişilər lazımi qərarlar verir, digərləri – keçmiş xidmətləri və ya vəzifəsinin verdiyi imkanlar hesabına ora düşənlər isə bu qərarları mətbuata açıqlayır. Ciddi sima və vüqarlı duruşla. Tezislərlə. Konkret.
Sonuncu İcraKomun səbəb-məqsədi bəlli idi, gündəmdəki bir nömrəli məsələ ilə bağlı qəbul edilmiş qərardan da azı bir ay öncədən məndə insayder məlumatı var idi, amma komitə üzvlərinin Berti Foqtsun müqaviləsinin daha iki il müddətinə uzadılması ilə bağlı göstəriş-qərarın səbəblərini açıqlama və almaniyalı mütəxəssisin həmin növbəti iki il üçün qarşısına qoyulan tələbləri izah eləmə tərzi gülməli alındı. Gülməli və anlaşılmaz.
Müsahibə verən, yaxud müsahibə vermək tapşırığı alan komitə üzvlərindən heç biri yaxın iki ildə Foqtsun qarşısına millinin AÇ-2016-nın seçmə mərhələsində toplamalı olduğu xal və göstərməli olacağı nəticə ilə bağlı HEÇ NƏ demədi. Bertinin əməl etməli olduğu yeganə tələb isə artıq ayın üç həftəsini Azərbaycanda keçirmək və Premyer Liqa oyunlarını diqqətlə izləmək idi. Diqqətlə? Necə? Binoklla?
Turnir perspektivləri ilə bağlı səsləndirdiyim fikir mübahisəli görünə bilər; bəli, püşkatma keçirilməyib, rəqiblər bəlli deyil, amma səbətlərə baxanda bilmək olar axı qrupda bir ÇOX GÜCLÜ, bir GÜCLÜ, bir MÖHKƏM ORTABAB, bir ORTABAB və bir AŞKAR ZƏİF komanda olacaq. Yoxsa bunu da bilmir İK üzvləri?
***
Mən Berti Foqtsla bağlı çox yazmışam. Bir qayda olaraq, həmin yazılarda soyuq tənqid küləkləri əsib və bu, müəyyən ürəkbulandırıcı fikirlərə də gətirib çıxa bilər. Amma birincisi, mənim yığma komandanın baş məşqçi postunda nə gözüm var, nə də Foqtsun yerinə gətirməyə favoritim. İkincisi, mənə nə millinin çalışdırıcısının adından? Hans-Hubert olsun, Berti olsun, Marçello olsun. Önəmli olan şəxslər yox, fəaliyyətdi.
Azərbaycan futbolunda 10 ildə dörd müxtəlif ampluada çalışdıqca, kuluarlarda dolaşdıqca, insanlarla tanış olduqca bəzi şeylər öyrənmişəm və sizə bir məsləhətim var: bu ölkədə, xüsusilə də futbol təsərrüfatında kadrların seçim kriteriyalarını anlamağa çalışmayın. Məmurları onilliklərlə kürsü məşğul edən bir ölkədə futbol üzrə yığma komandanın baş məşqçisinin sırf peşəkarlıq göstəriciləri və futbol məqamları əsasında seçildiyini eşitsəm, təəccüblənərdim. Çünki biz hələ yüksək keyfiyyətin estetik görüntü üzərində dominantlıq etməli olduğunu anlayacaq inkişaf səviyyəsinə çatmamışıq. İnkişafımızın indiki dövründə bizə görüntü lazımdı. Keyfiyyət isə ikinci məqamdadı.
Görüntü isə belədi: Azərbaycan yığmasına həm futbolçu, həm də məşqçi kimi qitə çempionu olmuş məşhur mütəxəssis başçılıq edir və həmin mütəxəssis çalışdığı 6 ildə yığmanın tarixində ən yaxşı nəticələrə imza atıb. Və heç kəsə lazım deyil bilsin ki, xarici görünüşü və portfoliosu Foqts qədər cəlbedici olmayanlara Foqtsdan 4 dəfə az zaman, 8 dəfə pis şərait və 16 dəfə kiçik məvacib ayrılıb.
Orta statistik göstəricilər isə təxminən eynidi. Amma bu ölkədə orta hesabla hər şey yaxşıdı. Aylıq əməhaqqıdan tutmuş yanacağın qiymətinə və insanların xoşbəxtlik indeksinə qədər.
***
“Əgər sənin biznesmen qonşun səhər bir toyuq yeyibsə, sənsə ac yatmısansa, deməli, siz hərəniz…”





