Yaxşı deyiblər ki, güclü qapıçı komandanın yarısıdı. Qapıçı “çərçivə”ni etibarlı qoruyanda, futbolçularda özünəinam hissi artır, müdafiə xətti daha ürəkli oynayır. Qapıçı sarıdan “Qəbələ”də hər şey qaydasındadı. Təsadüfi deyil ki, “qırmızı-qaralar” cari çempionatda qapısında ən az qol görən komandalar sırasındadı. Heyətdəki əcnəbi qapıçıları bərabər səviyyəli saymaq olar. 34 yaşlı braziliyalı Dieqo Silva Kosta ilə polşalı gənc David Petrkeviç arasında “1 nömrə” uğrunda sağlam rəqabət mövcuddu.
 
“Oynamaq istəyirdim, amma …”
 
“Simurq”da inamlı çıxışı ilə ötən mövsümdən diqqət çəkən polşalı qapıçı klub qəzetinə açıqlamasında komandasını hələ Zaqatalada oynayarkən dəyişmək istədiyini deyir: “Daha iddialı kluba keçmək fikrində idim. Bilirəm ki, “Qəbələ” avrokuboklara düşməyi qarşısına məqsəd qoyub. Buna görə də dəvət gələndə, məmnuniyyətlə qəbul etdim. “Qəbələ” ilə çempionatda ən yüksək yerlərdən birini tutmaq istəyirəm. Məncə, biz “Neftçi” və “Qarabağ”la çempionluq uğrunda da mübarizə apara bilərik. Minimal vəzifə isə avrokuboklara düşməkdi ki, “Qəbələ” bunu bacarar”.
 
Əyalətdə ikinci mövsümünü keçirən 25 yaşlı David Qəbələni Zaqataladan üstün tutur: “Qəbələdə futbol üçün hər cür şərait, gözəl meydançalar var. Özü də Zaqataladan fərqli olaraq, burada ot örtüyü təbiidi. Hesab edirəm ki, “Qəbələ” Azərbaycanın böyük klublarındandı. “Simurq”a isə “Qəbələ”, “Qarabağ” və “Neftçi” kimi klublarla mübarizə aparmaq çətindi”.
 
Yuri Syomin çempionatın ilk 3 oyununda qapını David Petrkeviçə etibar etsə də, sonradan qərarını dəyişdi və 4-cü turdan başlayaraq “çərçivə”ni Dieqoya həvalə etdi. Ancaq “Qarabağ”a səfərdə 3:4 hesabı ilə məğlubiyyətdən sona qapıda yenə David dayanır: “Sumqayıt”la səfər oyunundan sonra baş məşqçi qapıçını dəyişmək istədi. Bunu normal qarşıladım, çünki heyəti baş məşqçi müəyyənləşdirir. Mən isə ruhdan düşmür, məşqlərdə var qüvvəmlə çalışırdım. Çünki əsas heyətdə yerimi qaytarıb, oynamaq istəyirdim. Sadəcə, komanda uğurlu çıxış edəndə, heyəti dəyişmirlər. Ancaq mən iddiamdan əl çəkmir, yenidən “1 nömrə” olmağı düşünürdüm. Əsas heyətə qayıtdıqdan sonra yerimi qorumağa çalışıram”.
 
“Kramarenkonu Polşadan tanıyıram”
 
Maraqlıdı, Petrkeviç həmkarı haqda nə düşünür? “Dieqonun çıxışına qiymət vermək mənə aid məsələ deyil. Ona həmkarım kimi hörmət edirəm. İlk növbədə öz hazırlığıma diqqət yetirir, şansımı gözləyirdim. İstəyirəm ki, “Qəbələ”də ən yaxşı oyun keyfiyyətlərimi göstərim. Oynamasam belə, komandam qalib gələndə çox sevinirəm. Çünki nəticə mənim üçün daha önəmlidi”.
 
Qapıçılarla işləyən məşqçi qismində Dmitri Kramarenkonun çalışması gənc Davidin də işinə yarayır. Axı yayda Syominin dəvəti ilə “Qəbələ”yə gələn Kramarenko ilə “Simurq”da çiyin-çiyinə oynayıb: “Kramarenko ilə “Simurq”da 1 il komanda yoldaşı olduq. Onda futbolçu karyerasını bitirməyən Dmitri ilə uzun müddətdi birgə məşq edirik. Onu Azərbaycan yığmasının heyətində çıxış etdiyi dövrdən tanıyıram. Millinizin Polşa yığması ilə Varşavadakı rəsmi oyununu, mən Robert Levandovski (hazırda Dortmund “Borussiya”sında çıxış edir – müəl.) ilə birgə izləyirdik. Onda ikimiz də 21 yaşlılardan
ibarət Polşa yığmasının heyətində idik. “Simurq”a gələndə Dimanı görən kimi tanıdım. Kramarenko potensialıma yaxşı bələddi. Bilir ki, mən komanda üçün faydalı ola bilərəm. “Simurq”da yaxşı formada idim, müntəzəm oynayırdım. Ancaq bu, futboldu, ehtiyata düşməyim normal haldır. Hər oyun öncəsi start heyətində yer almağa ümid edirəm”.
Shares: