"Xəzər Lənkəran" klubunun aşağı yaş qrupları üzrə koordinatoru İlhan Akgülün futbolinfo.az saytına müsahibəsi
 
– "Xəzər Lənkəran"ın aşağı yaş qruplarında vəziyyət necədi?
– Bizim hədəfimiz "Xəzər Lənkəran"ın əsas heyətinə oyunçu yetişdirməkdi. Biz bunun üçün çalışırıq. Hər şey öz qaydasında davam edir. Aşağı yaş qruplarından milliyə də bir neçə futbolçu verə bilmişik. Bəzən çətin oyunlarımız olur. Amma yenə qeyd edirəm ki, məqsəd futbolçu yetişdirməkdi.
 
– İlhan Akgülün digər məqşçilərdən fərqli gördüyü işlər hansılardı?
– Bizdə yerli məşqçilər öz işini davam etdirir. Gəlişimdən sonra yalnız məşq proqramlarını dəyişdim. İntizamla bağlı bir çox məsələlər öz həllini tapdı. Amma nəticənin olması əsasən məşqlərlə bağlıdı. Mənim məqsədim bu kluba daha çox xidmət etməkdi. 19 yaşlardan da bir neçə futbolçumuz millidədi. Əvəzedici heyətə baxdıqda əksər futbolçuların Lənkəran və ətraf bölgələrdən olduğunu görərik. Bizim istədiyimiz yerli futbolçular yetişdirib, əsas komandalara qazandırmaqdı. Bununla bağlı rəhbərlik bizə lazım olan dəstəyi verir.
 
– Rəhbərlik aşağı yaş qrupları üçün hansı dəstəyi lazım bilir?
– Son iclasda yeni qərarlar qəbul olundu. Təcili olaraq 2 süni örtüklü meydança inşa etmək istəyirlər. Bunun üçün yer axtarışı davam edir. Münasib yer tapılan kimi tikinti işlərinə başlanacaq.
 
– Bu süni meydan Lənkəranda tikiləcək?
– Lənkəranda olması düşünülür. Amma hələ ki, yer tapa bilmirik. Bundan başqa daha böyük planlar da düşünülür. Məşq keçmək üçün bizlərə böyük imkanlar yaradılacaq.
 
– Növbəti ildə əsas komandaya neçə futbolçu verməyi planlaşdırırsız?
– Burada məsələ başqadı. Bizim təklif etdiyimiz və məşqçinin bəyəndiyi futbolçular olacaq. Mustafa Dənizlinin futbola baxış tərzi başqadı. İstedadlı oyunçularımız var. Demək olar ki, 16, 17 keçid yaşları sayılır. Bu yaşda olanlar onsuz da əvəzedici heyətdə oynayır. Önümüzdəki illərdə klubun gələcəyi baxımından 11, 12, 13 yaşlı futbolçuları inkişaf etdirmək daha doğru addımdı. Mənim may ayında müqaviləmin müddəti başa çatır. Amma mən son günə qədər bu klub üçün çalışacam. Xüsusilə Lənkəran camaatına hörmət edirəm, onlar üçün də çalışacam.
 
– Mustafa Dənizli "Xəzər Lənkəran"a nə verə bilər?
– Belə deyək də, mən də türkəm. Amma mən buraya gələndən narahatlığım olmayıb. Con Toşak "Real"ı, "Beşiktaş"ı çalışdırmış bir məşqçidi. Türkiyədə də eyni problemlər yaşanır. Onların düşüncəsi bizim futbola uyğun gəlmir. Məsələn, onlar "mən futbolçuya saat 10-da yat deyə bilmərəm" deyə düşünür. Əcnəbi məşqçi futbolçunun yeməyinə, içməyinə qarışmır. Amma Mustafa Dənizli çox yaxşı bir baş məşqçidi.
 
– Oğuz Çətin haqda da eyni sözləri demək olar?
– Oğuz Çətin "Fənərbaxça" və Türkiyə millisində kapitan sarğısı ilə meydana çıxmış biridi. Çətin lider ruhlu bir insandı. O da böyük futbolçulardan olub. İşində çox bacarıqlı olacağına, burada da uğur qazanacağına inanıram.
 
– AFFA-nın İcraiyyə Komitəsi hər bir kluba əcnəbi idman direktorunun təyin olunacağı barədə qərar qəbul edib…
– Mən bu haqda fərqli şeylər eşitdiyim üçün tam cavab verə bilməyəcəm. Əgər belə bir qərar verilibsə, bizə hörmət etmək düşər. Bizlərə nəzarət edəcəklərini dedilər. Əgər komandaya uğur üçün gələcəklərsə, biz hər mövzuda köməyə hazırıq.
 
– 2013-cü il başa çatır. Lənkəranda 1 il İlhan Akgülün yaddaşına necə yazıldı?
– Mən yanvarın 11-də gəldim. Daha sonra çalışmağa başladım. İndi 15 yaşı olan komandamız kluba üçüncülük qazandırdı. Bu isə bizi çox sevindirdi.
 
– Azərbaycanda başınıza gələn gülməli əhvalat olub?
– Olub, həm də çox (gülür). Bir dostumuz var idi. Lənkəranda onunla söhbətləşirdik, yanında uşaqları da vardı. 8-9 yaşlı bir uşaq idi, mən danışdıqca o gülürdü. Sonra uşaqdan niyə güldüyünü soruşdum. Atasına mənim danışmağıma güldüyünü dedi. Burada gülməli vəziyyət yarandı. O mənim danışmağıma gülürdü, mən də onun. Sonra "Fənərbaxça" uduzduğu günün səhərisi taksi ilə gedirdim. Sürücü məndən oyunun nəticəsini soruşanda "Fənər uduzdu" dedim. O mənə baxıb "hocam mağlub oldu" sualını verdi. Mən isə yox "uduzdu" dedim. Sürücü isə öz bildiyi kimi danışırdı. Sonra ona dedim ki, türk mənəm, mən "uduzdu" deyirəm, sən "mağlub oldu"…
 
– Ailəniz Lənkəranda yaşayır?
– Xeyr, Türkiyədə yaşayırlar…
 
– Onda yeni ili Türkiyədə qeyd edəcəksiz?
– Bəli, ailəmlə birgə keçirəcəm. Dekabrın 26-da getməyi planlaşdırıram. Hər kəsin yeni ilini öncədən təbrik edirəm.
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Shares: