Daha bir ilin bitməsinə sayılı günlər qalıb. İlin yekununda Premyer Liqa klublarından hansının rəhbərlik və mətbuat xidmətlərinin işinin daha qaneedici olduğunu öyrənmək üçün kiçik bir sorğu apardıq. Düzdü, bəzi qələm əhli məsuliyyətli cümlələrin altına girməkdən boyun qaçırsalar da, suallarımızı cavablandıranlar da tapıldı. Maraqlıdı, ilan ilində mətbuat nümayəndələri hansı klubun rəhbərliyinin və mətbuat xidmətinin işini daha çox qənaətbəxş hesab edir?
Rəşad Ergün ("Komanda" qəzetinin baş redaktoru): "Sumqayıt"ın prezidenti Kamran Quliyevin işini yüksək qiymətləndirirəm. Çünki AFFA-nın köməyi olmadan "Sumqayıt"ı Premyer Liqada saxlaya bildi. O ki, qaldı mətbuat xidmətlərinə, "Bakı"nın mətbuat xidmətinin rəhbərinin işini yüksək qiymətləndirmək lazımdı. İl ərzində mətbuat onun dalınca düşdü, o da qaçıb gizləndi. O qədər yüksək peşəkarlıqla gizləndi ki, hələ də tapılmır. Yeri gəlmişkən, "Bakı"nın mətbuat xidmətinin rəhbəri kimdi, bilmirsiz?"
İxtiyar Əsgərov (apasport.az saytının baş redaktoru): "Heç bir klub rəhbərliyinin və mətbuat xidmətinin işini bəyənmirəm".
Vüqar Zeynallı (azerisport.az saytının baş redaktoru): "Jurnalist üçün birinci növbədə şəxsi münasibət yox, müsahibə, informasiya almaq vacibdi. Bu mənada "Neftçi"nin mətbuat xidmətinin işini, məşqçilərini və rəhbərliyini qeyd etmək istəyirəm".
Rüstəm Piriyev (extratime.az saytının redaktoru): "Mənim fikrimcə, bu il ərzində bir çox klub rəhbərləri komandalarının daha da güclənməsinə, inkişafına kifayət qədər vaxt və enerji sərf etdilər. Bu mənada "Qəbələ", "Neftçi", "Bakı" və "Qarabağ" rəhbərlərinin əziyyətini qeyd etməyə dəyər. Amma sorğuda yalnız bir klubun adını çəkməli olsam, mən "Qarabağ" rəhbərliyinin işini fərqləndirmək istəyərdim. Bu gün komandanın belə güclü heyətə malik olması, kollektivdə yaxşı əhval-ruhiyyənin hökm sürməsi, ciddi problemlərin olmaması və "Qarabağ"ın adının hər hansı bir qalmaqalda hallanmaması, klub rəhbərliyinin gördüyü işin nəticəsidi. Mətbuat rəhbərlərinin işini fərqləndirmək heç də asan deyil. Bu gün Premyer Liqada oynayan 10 klubun hamısının mətbuat xidməti var və onların hamısı bu və ya digər şəkildə öz klubları haqda məlumat hazırlamağa, yaymağa çalışırlar. Bu mənada "Neftçi"nin, "Qarabağ"ın, "Qəbələ"nin, "Sumqayıt"ın, "Simurq"un və son vaxtlar aktivlik göstərən "Xəzər Lənkəran"ın işini fərqləndirərdim. Bununla belə, "Qəbələ"nin mətbuat xidmətinin işini daha çox bəyənirəm".
Aslan Şahgəldiyev (PFL-in İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri): "Qəbələ" futbol klubunu deyərdim. Bu il yeni stadion inşa etdilər, uşaq komandalarına ciddi yatırım qoyurlar. Uşaqlar arasında keçirilən Qəbələ kubokuna "Barselona" kimi komandanın dəvət edilməsi, tədbirin yüksək səviyyədə işıqladırılması, aşağı yaş qrupları üzrə komandalarının xaricdə təlim-məşq toplanışı keçməsi müsbət məqamlardı. Əvvəlki illərlə müqayisədə komanda daha uğurlu çıxış edir. Klubun idarə heyətinin rəftarı və davranışı yüksək səviyədədi. İnsanlar arasında müsbət imic yarada biliblər. Mətbuat xidmətləri ilə bağlı heç nə demək istəmirəm. Bu məsələni jurnalistlərdən soruşsaz, daha yaxşı olar".
Elçin Cəlilov (futbolpress.az saytının baş redaktoru): "Qəbələ" rəhbərliyinin işi məni qane edib. Sistemli, planlı hərəkət etdikləri, kortəbii nəticələrə üstünlük vermədikləri görünür. "İnter"in öz bildiyinə üstünlük verməyi, mediada yazılan emosional fikirlərə əhəmiyyət verməməyi də xoş təəssürat yaradır. "Qarabağ" rəhbərliyinin işi də nəticələriylə ortadadı. Sabitliyi qoruyub-saxlaya bilən "Neftçi"ni qeyd etmək normal çıxmazdı. Klubun mətbuat xidmətlərindən həmişə təkbaşına çalışan "Sumqayıt"dakı Rəşad Məmmədov və "Qəbələ"dəki Anar Hacıyevi, bir də "Qarabağ"ın ulduzu Nurlan İbrahimovu hamıdan əvvəl qeyd edərdim. Təcrübəsinin hesabına uğurlu manevrləri bacaran Gündüz Abbaszadə "Neftçi"nin ictimai nüfuzuna xələl gətirən məqamlarda özünü göstərə bilir. "Simurq"dan Rüstəm Allahverdiyevi, "Rəvan"dan Elvni unutmaq olmaz. Bir sözlə, 10 klubun yarıdan çoxunun mətbuat xidməti əziyyətlə işləyir və imkanları az olsa da, ortaya nəsə iş qoya bilirlər. Çatışmazlıqları həmişə qabartmışıq, ancaq ilsonu olduğundan onlara da uğurlar və imkanlarını gerçəkləşdirmək üçün imkan arzulayaq. Bir də əsas budu ki, klub rəhbərliklərindən ehtiyat etməsinlər, layihələri, planlarının gerçəkləşməsini onlardan istəsinlər. Susub razılaşmaq yaxşı deyil".
Pərviz Eltürk (Futbolinfo.az saytının redaktoru): "Ümumiyyətlə, klublarımızda nə rəhbərlik səviyyəsində, nə də mətbuat xidmətləri baxımından razı qalası iş getdiyini düşünmürəm. Düzdü, peşəkarlığa cəhd göstərilir. Amma bu gün üçün onlar tam peşəkar səviyyədə çalışdıqlarını iddia edə bilməzlər. Bunu görmək üçün elə Avropanın aparıcı klublarında aparılan işə nəzər yetirmək kifayətdi. Bütün klublarımızda görüləsi işlər yetərincədi".
Sonda isə bir məqama toxunmaq istərdik. Turnir cədvəlinin son pillələrində məskən salan AZAL, "Xəzər Lənkəran", "Rəvan" və "Sumqayıt" rəhbərliyinin gördüyü işlər göz qabağındadı. Bu klubların rəhbərlərindən danışmaq yersizdi. Mətbuat xidmətlərinin işinə gəldikdə, hamısının əməyinə yaxşı qiymət vermək olar. Lakin "Qarabağ"ın rəsmi saytının zəif işləməsi bu mövzuda Ağdam klubunu geri salır. Bu, ən azı komandanın iddiaları, adı ilə üst-üstə düşmür. AZAL isə hələ də saytı olmayan yeganə elita klubumuzdu və bu, "təyyarəçilər"in əsas çatışmazlıqlarından biri kimi xüsusi qeyd oluna bilər. Digər klublarımızın rəsmi saytlarında yayımlanan xəbərlərdə də bəzən səhvlərin olmasıyla rastlaşırıq. Bu üzdən sonda bütün mətbuat xidmətlərindən Azərbaycan orfoqrafiyasına düzgün riayət etmələrini xahiş və tələb edirik. Ümidvarıq ki, yeni ildə onların işini bəyənənlər daha çox olacaq.
RÖVŞƏN ƏHLİMANOĞLU





