Bakı küləklər şəhəridi. Yayda insanları sərinlədən, qışda qızışmağa imkan verməyən küləklərin şəhəri. Elə Bakının "Bakı"sı da küləklər klubudu. Lakin burada küləklər başqa səmtə əsir. Yerliləri legionerə, legionerləri yerlilərə vuran bu küləklər bu klubda əsl qiyamət qoparıb.
 
Bəli, "Bakı"da yenə aləm bir-birinə dəyib. Futbolçularımız yenə "adət-ənənəmizə" sadiq qalaraq əcnəbilərin torbasını tikməklə məşğuldular. Vətənimizə təşrif buyuranların hərəkətinin əksinə külək əsdiririk. Yəqin ki, söhbətin "Bakı"nın şərəfini qorumağa çalışan bəzi yerli topçulardan getdiyini başa düşdünüz. Millidə, "Qarabağ"da çiyin-çiyinə döyüşən Rauf Əliyevlə Əfran İsmayılov indi də "Bakı"da hegemonluq edir, külək əsdirir. Əvvəlcə "Rəvan"ın, indi isə "Bakı"nın formasını geyinən Mindauqas Kalonas sıxışdırılır. Deyəsən, onun komanda yoldaşları arasında bombardirlər siyahısında birinci olması digərlərini narahat edir.
 
Elə sözügedən mövzuda litvalının öz dediklərinə nəzər salaq: "Bakı"dan getməyim dəqiqdi. Buna səbəb tək Raufla Əfran yox, həm də baş məşqçidi. Eləcə də, bütün klub. Məni niyə sevmədikləri maraqlı deyil. Hələ hansı kluba keçəcəyimi dəqiq bilmirəm. Bu, yaxın günlərdə bilinəcək".
 
Maraqlıdı, necə olur ki, komandası üçün bu qədər faydalı olan litvalını bu klubda heç kim sevmir? Hər halda bunun səbəbini bir Kanolasın özü bilir, bir də onu sevməyənlər.
 
"Bakı"nın bombardirinin komandadan getməsinin səbəbini öyrənmək üçün klubun icraçı direktoru Yaşar Seyidovla əlaqə saxladıq. Klub rəsmisi söhbət əsnasında hər şeydən danışdı, amma Kalonasdan və onun gedişindən başqa. Gah nala, gah da mıxa vurmağa çalışan, amma vura bilməyən Seyidovun bir bəhanəsi oldu: "Transfer məsələsi Pantiçlə Hafiz Məmmədov arasında həll olunur". Olunsun, nə deyirik. Təki Azərbaycan futbolu qazansın, təki səsimiz Avropadan gəlsin. Amma bu gedişlə çətin…
 
Seyidovun bu sözlərindən sonra bir məqam diqqəti çəkir. Komanda istirahətə buraxılandan bugünədək İspaniyada gəzib-dolaşan Pantiç Kalonası niyə sevmir və ya doğrudan da komandada söz sahibi olan serbin bu məsələdən xəbəri varmı? Necə olur ki, az qala bütün futbol ictimaiyyətinin hazırda əsas müzakirə mövzusu olan bu məsələdən klubun icraçı direktorunun xəbər yoxdu? Olmaya klub rəsmisi nəyisə gizlədir? Bu isə Azərbaycanda top qovan legionerlər arasında seçilənlərdən olan Kalonasa doğrudan da torba tikildiyini göstərir. Həm də tək futbolçular tərəfindən yox, bütün klub tərəfindən.
 
P.S. Ola bilsin ki, bu, Hafiz Məmmədovun daha ciddi planının tərkib hissəsidi. Azərbaycan futbolunu Avropada "göylərə ucaldan" Məmmədov litvalının istedadını görüb, onu ya Madrid "Atletiko"suna, ya da "Lans"a göndərmək fikrinə düşə bilər.
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Shares: