Azərbaycanın futbol üzrə U-19 yığmasının sabiq baş məşqçisi Arif Əsədovun müqaviləsinin müddəti başa çatdıqdan sonra bu komandanın yenidən ona tapşırılacağı gözlənilirdi. Çalışdırıcı özü də açıqlamasında bu barədə baş katib Elxan Məmmədovla ilkin razılıq əldə etdiyini bildirmişdi. Ancaq sonradan bəlli oldu ki, U-19-u yanvarın 3-dən 12-dək Sankt-Peterburq şəhərində təşkil olunan Valentin Qranatkinin xatirə turnirinə Nikolay Adam aparacaq. Hansı ki, alman məşqçi bunadək U-17 komandasını çalışdırırdı.
Ölkənin ali futbol qurumu AFFA bunu tutarlı faktla əsaslandırmağa çalışmışdı. Belə ki, Valentin Qranatkinin xatirə turnirində iştirak edəcək komandandamız U-17-nin heyəti əsasında formalaşdığından əvvəllər bu uşaqlara rəhbərlik etmiş Adamın sabiq yetirmələriylə yenidən birgə işləməsi məsləhət bilinmişdi.
AFFA rəhbərliyinin gözləntilərinə görə, Adam bu xatirə turnirindən başıuca qayıtmalı idi. Ancaq alman mütəxəssis ona göstərilən etimadı doğrulda bilmədi. Yığmamız qrupdakı ilk oyununda Yunanıstanla qarşılaşmada 1:1 hesablı heç-heçəyə razılaşdıqdan sonra Çexiya ilə görüşdə 2 cavabsız qolla məğlub oldu. Turun son oyununda isə futbolçularımız Yaponiya qarşısında aciz qaldı – 1:4.
Adamın rəhbərliyi altında komandamız turnirdə keçirdiyi 3 oyunda hesabına cəmi 1 xal yazdıra bildi. Rəqib qapılarından 2 qol keçirən U-19 öz qapısından 7 top buraxdı. Nəticə etibarilə isə yığmamız qrupunda sonuncu oldu. İndi yığmamız bu turnirdə ən yaxşı halda 13-cü yeri tutmaq şansına malikdi. Bunun üçün isə alman məşqçinin yetirmələri qarşıdakı iki oyundan mütləq qalib ayrılmalıdı. Əks halda onun ilk ciddi sınağı daha biabırçı nəticə ilə başa çatacaq.
Əslində, AFFA bəlk də bu addımı atmaqla sözügedən turnirdə uğur qazanıb bunu futbol ictimaiyyətinə sıramağı hədəfləmişdi. Amma AFFA-nın ümidləri turnir başa çatmamış puç oldu. İndi istər-istəməz belə bir sual ortaya çıxır: ali futbol qurumumuz Əsədovu buna görəmi yığmadan uzaqlaşdırmışdı? Bu uğursuzluğa görə AFFA-nın Nikolay Adamı postundan uzaqlaşdırması mümkündümü? Heç inandırıcı görünmür. Çünki bizdə öz məşqçilərimizə kiçik bir uğursuzluq olan kimi qapı göstərildiyi halda, qonağa "hörmət" həmişə yüksək səviyyədə olub. Xüsusilə də AFFA-nın alman məşqçilərin nazı ilə necə oynadığı artıq hər kəsə bəllidi.
Maraq üçün xatırladaq ki, Arif Əsədov U-19-a 2011-ci ildən rəhbərlik edirdi. Əsədovun başçılığı altında millimiz son seçmə mərhələdə İrlandiya (0:2) və İsveç (1:5) yığmasına məğlub olub, Bosniya və Herseqovina ilə qarşılaşmadan qolsuz bərabərliklə ayrılıb. Əsədovla Adamın komandasının son dövrdəki statistikasına baxsaq, elə də ciddi bir fərq olmadığının şahidi olarıq. Belə ki, Əsədovun başçılığı ilə komanda seçmə mərhələdə 1 xal qazandısa, Nikolay Adam eyni "uğuru" xatirə turnirində əldə etdi.
Biz almanı çürük yeməyə öyrəşmişik. Görünür, bu gedişlə futbolumuza heç bir ciddi uğur qazandıra bilməyən alman məşqçilərin də "şücaətlərinə" alışmaq məcburiyyətindəyik. Azərbaycan futbolunun problemlərini və onun çıxış yollarını əlinin içi kimi bilən yerli mütəxəssislərə isə etimad göstərilmir. Göstərilənlərin də necə aqibətlə üzləşdiyini uzun-uzadı izah etməyə ehtiyac yoxdu.
EMİN SƏFƏROV





