"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Sadio Tounkara ilə Fransa klubları maraqlanır. Futbolinfo.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Onlar hətta malili futbolçu ilə əlaqə saxlayaraq, bu təkliflərlə bağlı münasibət də öyrəniblər. Lakin futbolçu özü bu xəbərləri təsdiqləməyib: "Mən bunlardan xəbərsizəm. Yaxşı texnikam və sürətim var. Daha çox sağ cinahda oynamağı xoşlayıram. Amma 10 nömrə kimi də çıxış edə bilərəm".
Tounkara cənub klubuna keçidindən, çempionatımızın səviyyəsindən də danışıb: "Mən futbol oynamağa Malidə başlamışam. 12-15 yaşlılardan ibarət komandalarda top qovduqdan sonra ikinci divizion klubuna keçdim. Bu minvalla sonradan birinci divizionda da təxminən iki mövsüm çıxış etdim. İkinci mövsümün başa çatmasına az qalmış məni "Xəzər Lənkəran"ın məşqçiləri tapdı. Dəvət etdilər, gəldim. O vaxtdan buradayam. Azərbaycan çempionatını Avropanın orta səviyyəli çempionatlarından biri hesab edirəm. Mən məhz bu komanda ilə avrokuboklarda çıxış etmək şansı qazandım. Polşa "Lex"inə, İsrail klublarına qarşı mübarizə aparmaq şansımız olub. Bu, çox faydalı təcrübə idi".
22 yaşlı oyunçu daha güclü çempionatlarda oynamaq arzusunu gizlətməyib: "Mən daha güclü çempionatda oynamaq istəyirəm. Məsələn, Fransa və ya İspaniyada oynamaq istərdim ki, futbolçu kimi daha da inkişaf edim. Əlbəttə, Fransa çempionatında da oynamaq istəyirəm".





