Özünün də dediyi kimi "Beşiktaş"dakı möhtəşəm çıxışından sonra Oktay Dərəlioğlu bir çox klubda çıxış etsə də, yalnız "Xəzər Lənkəran"da müsbət iz qoya bilmişdi. Futbolinfo.az xəbər verir ki, 2004/05 mövsümündə Azərbaycanda ən yaxşı futbolçu seçilmiş türkiyəli hazırda məşqçilik karyerasına başlamaq üçün qarşısına çıxacaq ilk şansı gözləyir.
– Sizin nəslin anaları futbola qarşı idi. Atanızdan ayrı böyüdüyünüz üçün ananız futbolçu olmanıza necə icazə verdi?
– Atam kiçik yaşlarımda bizi tərk edib ABŞ-a gedib. Təxminən 30 il orada yaşayıb. Ona görə mənim üçün bir ölüdən fərqi yoxdu. Ona qarşı heç bir hissim yoxdu. İndi 39 yaşım var. Atamı ən çox beş dəfə görmüşəm. Uşaqlıqda küçələrdə limonad, su satmışam. Olduğu qədər yemənin nə demək olduğunu bilirəm. Anam isə məni heç vaxt qırmayıb.
– Futboldan ilk pulunuzu nə vaxt qazanmısız?
– 16 yaşımda. Futbola başladığım "Karagümrük"dən aldığım pulla anama bir ev aldım.
– "Karagümrükspor"dan "Trabzonspor"a necə getdiniz?
– 14 yaşımda 2-ci divizionda oynamağa başladığım üçün özümə inanırdım. Çox qol vururdum. Həmin dövrdə gənc milli komandada da oynayırdım. Orda görüb bəyəniblər.
– Bəs Trabzondan niyə dərhal ayrıldınız?
– Baza çox soyuq idi, 8 tur dözə bildim. Komanda yoldaşlarım çox yaxşı idi, amma şəhərə alışa bilmədim.
– Bəs "Beşiktaş"a necə transfer olundunuz?
– Əslində "Beşiktaş"da məni "Karagümrükspor"da oynayanda tanıyırdılar. Amma işləri yubatdıqlarından o vaxt "Trabzonspor" 100 min dollara məni almışdı. İstanbula qayıtdığımı öyrənən kimi məni tapdılar. 17 yaşım var idi. "Fənərbaxça" da məni istəyirdi, amma getmədim. Sonra da "Beşiktaş"da az hardasa 3 il pulsuz oynadım. Çünki tək istədiyim "Beşiktaş"lı Oktay ola bilmək idi.
– 17 yaşınızda "Beşiktaş"a gələndə baş məşqçi Qordon Milne sizə necə güvənmişdi?
– "Trabzonspor"da və gənc millidə oynadığım üçün rahat idim. Gənclər arasında Avropa çempionu olmuşduq. Özümdən başqa kimsədən qorxmazdım. O da mənə güvəndi.
– Məşqçilik haqda nə düşünürsüz?
– Sertifikatımı çoxdan almışam. Qarşıma çıxacaq şansı gözləyirəm. Bu ölkənin ən yaxşı baş məşqçisi olacağıma inanıram. Hədəfimdə premyer-liqa var. Futbolçuluq karyeram məşqçiliyimin gerisində qalacaq. Mənim zamanımda "Qalatasaray" ardıcıl 4 il çempion oldu. Mən bir dəfə belə bombardir ola bilmədim. Çünki Hakan Şükür kimi bir adam var idi. Komandası ona top yağdırırdı. Hakanı çox qısqanardım, təbii ki, məcazi mənada. Vurduğum qolların hamısı daha çox öz səyimlə olub. 2 oyun qol vura bilməsəm, 3-cü matçda məni ehtiyatda oturdardılar. Bəlkə də yanlış ölkədə oynadım.
– Yenə də "Beşiktaş" üçün qiymətli idiniz. Hətta Benjamin Toşak sizin üçün Baş qərargaha müraciət etmişdi…
– Toşakın nə edəcəyini yəqin etmək çətindi. Ağlına nə gəlirsə, söyləyir. "Beşiktaş"ın tarixində ilk dəfə Çempionlar Liqasına gedir və ilk dəfə qalib gəlirik. "Göteburq"u 1:0 məğlub etmişik, qolu mən vurmuşam. Komanda əylənməyə getdi, mən gedə bilmədim. Səhər 7.30-da hərbi hissədə olmalıydım (o dövrdə futbolçular hərbi xidmətdə olarkən, məşqlərdə və matçlarda hərbi hissədən çıxa bilirdi). Səhər hərbi hissəyə gəldim. 10.30-da isə məşqə qayıtmalıydım. Oyunda xəsarət aldığım üçün səhərə qədər yata bilməmişdim. Komandirə söylədim, amma məni dinləmədi. "Topuna, futboluna başlatma!" dedi. Nə deyəcəksən komandirə? "Alçaq sürün!" – dedi, süründüm. Ayağımın əzilən yeri daha çox şişdi. Toşak məni görəndə dəli oldu. "Bura kommunizm Rusiyasıdı!" deyə qışqırmağa başladı. O həftə "Fənərbaxça" ilə derbiyə çıxa bilməmişdim. Sonra Toşak Baş qərargaha müraciət etdi, ortalığı qarışdırdı!
– Sonra nə oldu? Sizin əsgərliyinizdə bir problem yarandımı?
– Nə olacaq, məndən sonrakılar kef elədi. Futbolçulara 33 yaşına qədər möhlət verildi (gülür).
– Unudulmayacaq anlarınızdan biri də Belçikaya vurduğunuz qoldu…
– Əslində o epizodda topu ötürməyə adam tapmadığım üçün rəqibləri bir-bir keçmək qərarına gəldim və alındı da. Mən daha çox son zərbə üçün ötürmə alan futbolçuydum. Amma o gün başqa bir şey oldu. İndi bir Messi var, bir Maradona, bir də mən. O qol sayəsində hələ də unudulmuram. 200-ə yaxın qolum unudulub, o unudulmur.
– O qoldan sonra "Arsenal"dan transfer təklifi aldığınız doğrudu?
– "Arsenal" və "Valensiya"dan təklif aldım. Amma "Beşiktaş" satmadı. Mənim də getmək barəsində elə böyük istəyim olmadığı üçün reaksiya vermədim.
– Yenidən belə bir şans əldə edəcəyinizə inanırdınız?
– İnanırdım. Amma böyük klublardan təklif gəlmədi. Özümlə bağlı planlarda çox ciddi səhvlər etdim. Ən böyük səhvim "Beşiktaş"dan ayrılmaq idi, ikincisi də çox klub dəyişmək.
– "Beşiktaş"dan sonra niyə başqa bir klubda uğur qazana bilmədiniz?
– Heç yerdə özümü evimdəki kimi hiss etmədim. Klub dəyişdikcə "Beşiktaş"ın qiymətini daha çox anlayırdım. Azarkeşlərdən ötrü darıxırdım. Məgər mən orada kral imişəm. Amma sonrakı peşmançılıq fayda vermir. Orada 200-ə yaxın rəsmi qolum var. Bunu 400 edə bilərdim. Orada 14 il forma geymək istəyərdim. Bir gün məşqçi kimi "Beşiktaş"a qayıdacam.
– Almaniyada niyə oyunun alınmadı? Hazır Türkiyədən uzaqlaşmışkən yenidən başlaya bilərdiniz.
– Olmadı, adaptasiya ola bilmədim. "Beşiktaş"da qol vurmaqla "Samsunspor"da qol vurmaq arasında çox fərq var. Bələ İspaniyada nəsə etmək olardı. Amma orada da istəmədiyim şeylərlə qarşılaşdıq.
– İspaniyadan tez bazar qayıtmışdınız. Kiminlə dalaşmışdınız?
– Kapitanla.
– Mübahisənin səbəbi nə idi?
– Onunla eyni otaqda qalırdıq. Televiziyada üzgüçülük yarışlarını izləyirdi. Hər dəfə mənimlə o yarışlar üzərinə mərcə girmək istəyirdi. Mən də razılaşdım. Bir gündə ona külli miqdarda pul uduzdum. Mərcə girmək istəmirdim, amma məcbur edirdi. Pulunun bir qismini verdim, qalanını da verəcəkdim. Bir də baxdım ki, mərc etdiyimiz yarış canlı deyil. Bu vicdansız nəticələri əvvəlcədən bilirmiş. Mən isə mübahisə etməmək üçün pulumu da istəmədim. Amma adam yaxamdan yapışdı ki, pulun qalanını da verməliyəm. Orada dalaşdıq. Başıma dəmir sandıq atdı. Əlimlə tutmasam, məni öldürəcəkdi. Sonra guya bizi barışdırdılar. Bir gün yenə sırf mənlə dalaşmaq üçün məşqdə rəqib komandaya keçdi. Mən də vurdum başından uzatdım yerə. "Marca" qəzeti görüntüləri anbaan çəkmişdi. Sonra məni Rokki deyə çağırmağa başladılar (gülür).
– O necə cavab verdi?
– Yaddan çıxarmadı bunu. İndi də ispanlar məni görsə, "Oktay bum bum" deyir. Onu pis döymüşdüm. Millət bizi ayırmadan öncə sifətinə təpiklə vurmuşdum. Sonradan onun mafiyayla əlaqəsi olduğunu öyrəndim. Dərhal ailəmi İstanbula göndərmək istədim. Amma məni qoyub getmək istəmədilər. Mən də məcbur olub Türkiyəyə qayıtdım.
– Ondan sonra "Trabzonspora" getmişdiniz…
– Kaş getməzdim, amma getdim. 13 matçda 14 qol vurdum, amma pulumu ala bilmədim. Məni "Fənərbaxça"ya satdılar.
– "Fənər"də də işləriniz yaxşı getmədi. Amma oradan sonra "Xəzər-Lənkəran"a yollandınız. O komanda "Beşiktaş"dan sonra uğur qazandığınız yeganə komanda oldu deyə bilərikmi?
– Bəli. Orada bombardir oldum, ilin futbolçusu seçildim. Məni orada hələ də çox sevirlər. Baş məşqçi olaraq "Xəzər-Lənkəran"a dönməyi düşünürəm. Mustafa Dənizliyə uğurlar arzulayıram. Azərbaycan futbolunda gözəl bir yenidənqurma var.
– Karyeranız boyu səhvlər etdiyinizi özünüz də qəbul edirsiniz. Bütün bunlarda şəxsi həyatınızda yaşadığınız şanssızlıqların rolu var idimi? Həyat yoldaşınızın intiharından sonra özünüzü necə topladınız?
– Mənim yaşadığım şeylər hər kəsin başına gələ biləcək şeylərdi. Həyat yoldaşım əlinə silah alıb özünü vurdu. Nə edə bilərdim ki? 4 aylıq oğlumla tək başıma qaldım. İndi 15 illik evliyəm, 4 övladım var. Həyat yoldaşımın ölümündən sonra mənim haqqımda "dostunun nişanlısını əlindən aldı" dedilər. Amma belə bir şey olmadığı üzə çıxdı.
– Bir ara ankaralı bir ailə sizin gerçək ailəniz olduğunu iddia etmişdi. Bu söhbət uzun müddət gündəmdə qalmışdı.
– O dövrdə bir kanal evimin önünə canlı yayım maşını qoydu, getdilər ABŞ-da atamla görüşdülər. DNT testi etdirməm üçün pul belə təklif etdilər. Kanallardan biri mənə gündə 50 min dollar təklif etdi. Çıxıb yalandan danışacaqdım. Dediklərini etsəm, rahat 2 milyon dollar qazanardım. İndi düşündükcə "Nə axmağam!" deyirəm (gülür).
– Həqiqətən ailənizdən şübhələndinizmi?
– Elə şey olar heç?! Anamı çox ağlatdıqları üçün əsəbiləşirdim. Hər dəfə xəbər çıxanda mənə uşaqlıq şəkillərimi göstərirdi. Ankaralı ailə üçün də təəssüflənirəm. Onları da aldatmışdılar.





