“İntizam Komitəsinin qərarlarından xəbərdarıq. Bu, bizim üçün arzuolunmaz haldır. Baş verənləri ciddi intizam pozuntusu kimi qiymətləndirir, həmin əməkdaş və futbolçu barəsində lazımi tədbirlər görəcəyik”.
Bu sözləri futbolinfo.az saytına açıqlamasında II Liqada mübarizə aparan “Araz-Saatlı” klubunun prezidenti Ədalət Abdullayev deyib.
AFFA İntizam Komitəsi tərəfindən klubun ümumilikdə 2070 manat cərimə edilməsinə toxunan klub rəhbəri fikirlərini belə davam etdirib:
“Təəssüf ki, bu kimi qurumlar bütün məsələlərə rasional yanaşır və qərarlarını bu prizmadan çıxarır. Onlar səbəbi yox, nəticəni qiymətləndirirlər. Olanlara haqq qazandırmaq niyyətindən tamamilə uzağam. II Liqa yarımpeşəkar status daşısa da, biz daha peşəkar davranmağa çalışmalıyıq. Lakin bu futboldur, bəzən emosiyaları idarə etmək çətin olur. Üstəgəl, mövsüm boyu hər növ çətinliklə üzləşən kollektivi eyni tonda saxlamaq və onları peşəkar davranmağa ruhlandırmaq heç də asan deyil. Baş verənlərdən nəticə çıxarıb irəliyə baxmalıyıq. Qarşıda bizi final əhəmiyyətli 5 matç gözləyir. Sakitləşməli və soyuq başla oyunlara köklənməliyik”.
Qeyd edək ki, “Araz-Saatlı”nın 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 70 manat cərimə olunub. Komandanın təhlükəsizlik üzrə meneceri Xəyal Məmmədov matç bitdikdən sonra rəqib oyunçuları və hakimləri təhqir, həmçinin təhdid etdiyi üçün 5 oyunluq cəzalandırılıb, klub isə əlavə 1000 manat cərimə edilib. Həmçinin Saatlı təmsilçisinin futbolçusu Samir Məmmədov əvəzləndikdən sonra hakimləri təhqir etdiyinə görə 4 oyunluq kənarlaşdırılıb ki, bu da klubun daha 1000 manat cərimələnməsi ilə nəticələnib.
GÜNAY SÜLEYMANOVA





