“Artıq hər matç həmişəkindən daha həlledicidir və biz bunun tam fərqindəyik. Xal itirməyə ixtiyarımız yoxdur. Hər şey özümüzdən asılıdır — diqqətli olmalı və lazımi nəticəni əldə etmək üçün hər şeyimizi ortaya qoymalıyıq”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Turan Tovuz”un futbolçusu Roderik Miller deyib.
34 yaşlı müdafiəçi komandanın hədəflərindən danışıb: “Hazırkı mövqeyi qoruyub saxlamağın nə qədər çətin olduğunu anlayırıq. Oyundan-oyuna mübarizə aparmağa davam etməliyik. Hələ heç nə bəlli deyil və ən əsası odur ki, hər şey öz əlimizdədir. Əgər növbəti oyunlarda nəticə qazansaq və rəqiblər xal itirsə, bu, təsnifat mərhələsinə vəsiqəni təmin etmək üçün ən yaxşı ssenari olar. Komandamız hər oyun daha da güclənir. Təbii ki, hər klubda olduğu kimi, bizim də təkmilləşdirməli olduğumuz məqamlar var və bu normaldır. Ən vacibi komanda olaraq gördüyümüz işdir. İndiyə qədər bu iş bizə üçüncü pilləyə yüksəlməyə və ən az qol buraxan komandalardan biri olmağa kömək edib ki, bu da müdafiə xəttindəki fəaliyyətimizdən xəbər verir. Həmçinin oyunları qollarla bitirməyə başlamışıq. Əvvəllər heç-heçələrə görə çox xallar itirirdik”.
Futbolçu kubokun yarımfinal mərhələsindəki “Zirə” ilə oyuna da toxunub: “Kubok oyunu bizim üçün böyük motivasiyadır. İndi hər zamankından daha çox əminəm ki, meydana çıxıb nəticəni xeyrimizə dəyişmək üçün sona qədər vuruşacağıq. Həm fərdi, həm də komanda olaraq lazımi keyfiyyətə sahibik. “Zirə” ilə artıq qarşılaşmışıq — onlar, hətta üstünlükləri olsa belə, məğlub ediləsi komandadır. Meydana tam gücümüzlə çıxıb nəticə üçün döyüşəcəyik. Bu mərhələni keçməliyik, biz finala layiqik. İlk oyunda hakim səhvləri hələ də müzakirə olunur. Lakin hakimlik oyunçuların nəzarətində olmayan bir məsələdir. Hər bir futbolçu oyuna mənfi təsir göstərməyən ədalətli idarəçilik istəyir. Amma futboldur və biz hər cür şəraitdə qalib gəlməyi bacarmalıyıq. Hər həftə öz nəzarətimizdə olan məqamlara hazırlaşırıq. Hakimlərə və ya mümkün səhvlərə köklənmirik”.
Klubdakı gələcəyindən danışan Miller Tovuz təmsilçisində xoşbəxt olduğunu gizlətməyib: “Kifayət qədər təcrübəm var və gənc oyunçularla bu təcrübəni bölüşmək imkanım olub. Karyeramda mənə uğur qazandıran məqamları onlara ötürməyə çalışıram ki, tətbiq etsinlər, özlərinə diqqət yetirsinlər və hər zaman xəyalları üçün döyüşsünlər. Meydanda da ehtiyac duyulduqda komanda yoldaşlarımla ünsiyyət qurmağa, onları motivasiya etməyə və ya diqqətli qalmalarına kömək etməyə çalışıram. Liderliyin bir hissəsi də komandanın öz potensialını tam reallaşdırmasına kömək etməkdir. Klubla bağlı planım isə 2027-ci ilə qədər burada qalmaqdır – oyun sayından asılı olaraq müqaviləni 2028-ci ilə qədər uzatmaq variantı da var. İki il əvvəl qapılarını üzümə açan bu klubla vacib uğurlar qazanmaqdan çox xoşbəxt olaram. Bu rəngləri təmsil etməkdən həqiqətən zövq alıram və ümid edirəm ki, tarixi bir hadisənin — avrokuboklara vəsiqənin və “Turan Tovuz”un uğurlarının bir hissəsi olacağam. Bura böyüyən və böyük nailiyyətlərə layiq olan möhtəşəm bir camiədir”.
O, sözlərini azarkeşlərə müraciətlə tamamlayıb: “İlk gündən insanlarla — azarkeşlər, komanda yoldaşlarım və klubdakı hər kəslə güclü bir bağ hiss etdim. Heyətdən rəhbərliyə qədər hər kəsin yaratdığı gözəl mühit sayəsində bu əlaqə təbii şəkildə formalaşır. Burası insana özünü evindəki kimi hiss etdirən və klubun emblemi üçün hər şeyini verməyə sövq edən bir yerdir. Biz avrokuboklara vəsiqə qazanacağıq, pozitiv qalmalı və buna gərgin əməyimizlə nail olmalıyıq. Azarkeşlərimizə isə hər matçda bizə verdikləri dəstək və enerji üçün təşəkkür etmək istəyirəm. Ümid edirəm ki, hamımız birlikdə çoxdan gözlənilən hədəfə çatmağın sevincini yaşayacağıq. Çünki azarkeşlər xüsusi bir qüvvədir. Onlar komandanı sona qədər dəstəkləyirlər və biz inanılmaz dəstəyə görə hər zaman minnətdarıq. Bu, bizi irəli getməyə və builki hədəflərimiz üçün mübarizə aparmağa motivasiya edir”.
GÜNAY SÜLEYMANOVA





