“Neftçi”nin kapitanı Emin Mahmudov jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az sizi yarımmüdafiəçinin “Qarabağ” üzərində 2:1 hesablı qələbədən sonra verdiyi açıqlamalarla tanış edir:
– Ötən qarşılaşmada “Qarabağ”a 1:5 hesabı ilə uduzduqdan sonra həm oyun planında, həm də yanaşmamızda dəyişiklik etdik. Bu dəfə rəqibə qarşı daha rahat çıxış edə biləcəyimizi düşünürdük. Əvvəlki oyunda mübarizələrdə çox uduzurduq. Azarkeşlərimiz bizə böyük dəstək olmuşdular və istəyirdik ki, bu dəfə onları sevindirək. Fanatlarımız yenə möhtəşəm idi. Şükür ki, istəyimiz alındı. Komanda olaraq çox əziyyət çəkdik, sona qədər mübarizə apardıq. Əks-hücumlarda daha effektiv ola bilərdik, amma əsas odur ki, qalib gəldik.
– İlk oyunda da bu taktikanı seçsəydiniz, nəticə fərqli ola bilərdi?
– Bunu demək çətindir, futbol gözlənilməzdir. Daha əvvəl də “Qarabağ”a qarşı müdafiəyə çəkildiyimiz oyunlar olub. Uzun müddətdir onlara qalib gələ bilmirdik. Bu dəfə fərqli sistem sınadıq. Əslində, əvvəlki oyuna da pis başlamamışdıq, qol imkanlarımız var idi. Əgər onları dəyərləndirsəydik, nəticə başqa cür ola bilərdi. “Qarabağ”a qarşı açıq futbol oynamaq isə çox çətindir, buna tam hazır deyildik.
– Uzun fasilədən sonra “Qarabağ”ı məğlub etmək sizdə hansı hisslər yaratdı?
– Qələbəyə çox ehtiyacımız var idi. Düzdür, bu dəfəki qalibiyyət 2021-ci ildəki kimi çempionluq gətirmədi. Amma uğursuz seriyanı qırmaq baxımından çox önəmli idi. Buna görə sevinirik.
– “Neftçi” dördüncü yeri tutsa belə, avrokuboklara yollanmaq üçün kuboku “Sabah”ın qazanmasına ümid etməlidir…
– Bəli, amma çempionat hələ bitməyib. Qarşıda 4 tur var və biz ilk növbədə öz oyunlarımızı qazanmağa fokuslanmalıyıq.
– “Qarabağ” üzərində qələbə “Sabah”ın çempionluğunu rəsmiləşdirdi. Onların kuboku qazanması sizə də sərf edə bilər…
– Əlbəttə, pis olmazdı (gülür). “Sabah”ı təbrik edirəm. Mövsüm boyu çox yaxşı oynadılar və buna layiq idilər. Çempionluğu vaxtından əvvəl təmin etmək asan deyil.
– Qarşıda “Sabah”la oyununuz da var. Təqviminiz “Zirə” ilə müqayisədə daha çətin görünür?
– Hazırda yalnız növbəti oyunu düşünürük – “Karvan-Yevlax”la səfər matçını. Əsas məqsədimiz həmin görüşdə 3 xal qazanmaqdır. Çox ciddi hazırlaşmalıyıq, çünki son turlarda bu komanda rəqiblərə çətin anlar yaşadır.
– Ötən həftə 1:5-lik məğlubiyyətdən sonra danışmaq istəməmişdiniz. Budəfəki qələbəyə inamınız var idi?
– Açığı, o cür məğlubiyyətdən sonra danışmaq çətindir, deyəcək söz tapılmır. Amma inanırdıq ki, növbəti oyunda daha yaxşı nəticə əldə edə bilərik.
GÜNAY SÜLEYMANOVA






