“Neftçi”nin qapıçısı Emil Balayev futbolinfo.az saytına müsahibə verib. 32 yaşlı qolkiper Misli Premyer Liqasının XXI turu çərçivəsində keçirilən “Qarabağ”la (2:1) oyunla bağlı sualları cavablandırıb.
– Sanki bir neçə gün öncə komanda “Qarabağ”a 1:5 hesabı ilə məğlub olmamışdı. Bunu necə izah edərdiniz?
– Uşaqlar sağ olsun, hər biri meydanın hər qarışı üçün can qoydu. Hamımız yaxşı mübarizə apardıq. Bundan əvvəlki oyunumuzda da “Qarabağ”a qarşı hazırlaşmışdıq. Amma burada insan amili var. Ola bilər ki, haradasa alınmasın. Çünki ötən oyunda məşqçinin tapşırıqlarını yüz faiz yerinə yetirə bilmədik. Şükürlər olsun ki, bu gün maksimum yerinə yetirdik və qələbə qazandıq.
– Start heyətində yer alacağınızı məşqlərdə hiss edirdiniz?
– Hiss edirdim deməzdim. Açığı, hər bir futbolçu kimi məşqlərdə maksimumunu ortaya qoymalıdır. Hamımız bir ailəyik, bir məqsəd üçün çalışırıq. Məşqlərdə də çalışırdım, şükür ki, məşqçilər heyəti inandı və şans verdi. Bu gün tək mən yox, hamı əlindən gələni etdi. Bilirsiniz, start heyətində dəyişikliklər oldu. Hər bir futbolçu çıxıb öz performansını meydanda sərgiləməyə çalışdı.
– Qarşılaşmanın ikinci hissəsində çox yaxşı seyv etdiniz.
– Mən uzun müddət oynamamışdım. Birdən-birə “Qarabağ”a qarşı oyunda seyv etməyim sevindirici haldır. Amma reallıqla danışsaq, qapımıza gələn zərbələr çox olmadı. Mənə gələn topları zərərsizləşdirməyə çalışdım. Mənə gəlməyən toplarda isə komanda yoldaşlarım yaxşı müdafiə olundular. Fikirləşirəm ki, bu, komanda oyunudur, fərdi mübarizə deyil. Biz komanda olaraq, “Neftçi” ailəsi kimi qalib gəldik.
– Oyunun sonlarında Emil Bədəlov avtoqol müəllifi oldu. Bu barədə düşüncələriniz?
– Futbolda belə hallar olur. Cinahdan ötürmə zamanı topun trayektoriyası dəyişə və istər güclü, istər zəif zərbə olsun, öz oyunçuna dəyib qapıya gedə bilər. Bu, bütün dünya futbolunda yaşanır.
– “Qarabağ”ı 5 il sonra məğlub etdiniz. Sizcə, bundan sonra belə uzun fasilənin olmaması nə dərəcədə realdır?
– “Neftçi”nin adı qələbələrə layiqdir. Təbii ki, uzunmüddətli seriya var idi. Gələcəkdə nə olacağını deyə bilmərəm. Əvvəlki illərdə də “Neftçi” adına layiq mübarizə aparmaq istəmişik. Sadəcə 90 dəqiqənin sonunda nəticə fərqli olub. Düşünürəm ki, “Neftçi”yə gələn hər bir futbolçu bu məsuliyyəti dərk edib meydanda mübarizə aparmalıdır. Bu da bir oyundur.
– “Qarabağ”ın neçə illik hökmranlığı bitdi və “Sabah” çempionluğunu rəsmiləşdirdi. “Bayquşlar” Azərbaycan Kubokunu da qazansa, mövsümü dördüncü pillədə başa vuraraq avrokuboklara yollana bilərsiniz. Kuboku “Sabah”ın qazanmasını arzulayırsiniz?
– Bu, bizə aid məsələ deyil. Mən artıq 3-cü ildir buradayam. Zədələrə görə olub ki, komandadan uzaq qalmışam. Amma komandanın oyunlarını izləmişəm. Fikirləşirəm ki, bizim düşüncəmiz həmişə dominant futbol oynamaq olub. Alınıb-alınmaması başqa məsələdir. Məqsədimiz birdir və gələcəkdə də bunun üçün əlimizdən gələni edəcəyik.
– “Neftçi” azarkeşləri 5 ildir sizdən bu performansı gözləyirdi. Bundan sonra onlara nə vəd edirsiniz?
– “Qarabağ”a qarşı ötən oyundakı ağır məğlubiyyətdən sonra azarkeşlərin gəlib dəstəkləməsi bizi həqiqətən sevindirdi. Sağ olsunlar, gözəl banner asmışdılar: “Tribunanın lideri – Forza Neftçi”. Həqiqətən də belədir. Onlar bizim məqsədimizi bilirlər – meydana qələbə üçün çıxırıq. Yenə də bizə inansınlar, güvənsinlər, dəstək olsunlar ki, biz də onların dəstəyini doğrultmağa çalışaq.
– Qarşıda avrokuboklar yolunda son 4 oyununuz var və sizi “Sabah”la matç gözləyir. Rəqibin çempionluğu rəsmiləşdirməsi sizə rahatlıq verir?
– Düşünmürəm ki, komandamızda kimsə belə fikirləşsin. Kimin nə etməsinin bizə fərqi yoxdur. Biz həmişəki kimi öz oyunumuzu oynamağa və maksimum nəticə qazanmağa çalışacağıq. Meydandan 3 xalla ayrılmaq istəyirik.
AĞA






