“Klub olaraq hazırkı maliyyə vəziyyətimizlə bağlı açıq və şəffaf mövqe bildirməyi zəruri hesab edirik. Təəssüf ki, mövcud şəraitdə futbolçularımızın və texniki heyətin əməkhaqlarını tam şəkildə qarşılamaq imkanımız qalmayıb. Bu vəziyyət bizi son dərəcə çətin və arzuolunmaz bir qərarla üz-üzə qoyub”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında II Liqa təmsilçisi “Araz-Saatlı”nın rəsmisi Xəyal Məmmədov deyib.

AFFA tərəfindən kluba ayrılan 5800 manatlıq maliyyə dəstəyinin artıq 5 aydır verilmədiyini bildirən Məmmədov məsələ ilə bağlı UEFA-ya müraciət etməyi nəzərdən keçirdiklərini deyib: “Biz AFFA-nın mövqeyini və üzləşdiyi çətinlikləri anlayırıq, hər zaman əməkdaşlıq və qarşılıqlı anlayış tərəfdarı olmuşuq. Lakin mövcud reallıq bizi məcbur edir ki, məsələ ilə bağlı UEFA-ya rəsmi şəkildə müraciət etməyi nəzərdən keçirək. Bu addım heç bir halda qarşıdurma məqsədi daşımır. Əksinə, məqsədimiz klubun, futbolçuların və ümumilikdə futbolun davamlılığını təmin etməkdir. Hazırkı vəziyyətdə futbolçularımızın qarşısına çıxmaqda belə çətinlik çəkirik. Bu isə bizim üçün həm mənəvi, həm də peşəkar baxımdan olduqca ağırdır. Ümid edirik ki, yaxın zamanda bu çətinliyin aradan qaldırılması üçün müvafiq addımlar atılacaq və Azərbaycan futbolunun inkişafı naminə ortaq məxrəcə gəlmək mümkün olacaq”.

GÜNAY SÜLEYMANOVA

Shares: