Mövsümün ikinci “Böyük Dəbilqə” turniri olan “Rolan Qarros”da qadınlar arasında yarımfinal mərhələsinin oyunları başa çatıb.

İlk qarşılaşmada rusiyalı Mirra Andreyeva ilə ukraynalı Marta Kostyuk üz-üzə gəlib. Əvvəlki mərhələlərdə İqa Şvontek və Yelena Svitolina kimi güclü rəqibləri məğlub edərək diqqətləri üzərinə çəkən Kostyuk uğurlu çıxışını davam etdirə bilməyib. Matç boyu üstün təsir bağışlayan Andreyeva xüsusilə ilk setdə rəqibinə cəmi bir geym qazanmağa şərait yaradıb. İkinci setdə də oyunun gedişinə nəzarəti əldən verməyən dünya reytinqinin 8-ci pilləsində qərarlaşan tennisçi 6:3 hesablı qələbə ilə görüşü yekunlaşdırıb. Bununla da Mirra Andreyeva karyerasında ilk dəfə “Böyük Dəbilqə” turnirinin finalına vəsiqə qazanıb. Eyni zamanda, 2021-ci ildən sonra ilk dəfə rusiyalı qadın tennisçi bu səviyyəli yarışın finalında çıxış etmək hüququ əldə edib.

Digər yarımfinal görüşü də iki set davam edib. Əvvəlki mərhələdə dünya reytinqinin lideri Arina Sabalenkanı məğlub edərək sensasiyaya imza atan Diana Şnayder finala yüksəlmək şansından yararlana bilməyib. Amerikalı tennisçi təsnifat mərhələsindən əsas yarışa vəsiqə qazanan, reytinqdə 114-cü sırada yer alan Maya Xvalinskaya qarşısında aciz qalıb. Hətta görüş zamanı götürdüyü tibbi fasilə də Şnayderin vəziyyətini dəyişməyib. Xvalinskaya tay-breykə gedən ilk setdə 7:6, ikinci hissədə isə 6:4 hesabı ilə qalib gələrək karyerasında ilk dəfə “Böyük Dəbilqə” turnirinin finalına yüksəlib. Bununla o, 1973-cü ildə İvon Qulaqonq və 1975-ci ildə Kris Evertdən sonra debüt “Böyük Dəbilqə” yarışında finala çıxan növbəti tennisçi olub. Bundan əlavə, Maya Xvalinskaya Emma Radukanudan sonra təsnifat mərhələsindən başlayaraq finala qədər irəliləməyi bacaran ikinci qadın tennisçi kimi tarixə düşüb.

Shares: