Hazırkı UFC yarımorta çəki dərəcəsinin çempionu, 34 yaşlı dağıstanl MMA döyüşçüsü İslam Maxaçev hesab edir ki, insanların peşəkar şəkildə qarışıq döyüş növləri ilə məşğul olması məqsədəuyğun deyil.
Maxaçev bu fikrini “Murad LyaRiba” adlı yutub kanalına verdiyi müsahibədə səsləndirib. Onun sözlərinə görə, gənclər üçün MMA-dan başqa alternativ idman növləri də mövcuddur və müasir dövrdə bu sahədə uğur qazanaraq ailəni təmin edəcək səviyyədə gəlir əldə etmək getdikcə daha çətinləşir: “Düşünürəm ki, bu idman növü ilə məşğul olmaq o qədər də vacib deyil. Başqa idman növləri də var. Söhbət yalnız dini baxımdan yanaşmadan getmir. İndiki nəsil üçün MMA-da böyük pullara çatmaq və ailəsini təmin edəcək səviyyədə qazanc əldə etmək çox çətindir. Buna görə də valideynlərə məsləhət görərdim ki, övladlarını bu idman növünə yönləndirməyə həddindən artıq diqqət ayırmasınlar”.
Qeyd edək ki, İslam Maxaçev hazırda UFC-də ardıcıl 16 qələbə seriyasına malikdir. Onun peşəkar karyerasında ümumilikdə 28 qələbə və bir məğlubiyyət qeydə alınıb.
Rusiyalı döyüşçü son görüşünü Nyu-Yorkda UFC 322 turnirində avstraliyalı Cek Della Maddalenaya qarşı keçirib. Yarımorta çəki dərəcəsinin çempionluq kəməri uğrunda baş tutan qarşılaşmada Maxaçev hakimlərin yekdil qərarı ilə qələbə qazanaraq titulunu qoruyub.






