Alessio Romanyoli İtaliyanı tərk edir. 31 yaşlı mərkəz müdafiəçisi karyerasını Qətərdə davam etdirmək qərarına gəlib.
Futbolinfo.az xəbər verir ki, “Latsio” ilə bir illik müqaviləsi qalan oyunçu “Əl-Sədd”lə razılığa gəlib. Müdafiəçi şəxsi müqaviləsinin şərtlərini razılaşdırıb, qalır klubların anlaşması. Transfer dəyəri 6 milyon avro olan Romanyolinin keçidinin baş tutması real görünür.
“Roma”nın yetirməsi olan Alessio 2015-ci ildə 25 milyon avroya “Milan”a transfer olunmuşdu. Burada 7 il oynadıqdan sonra o, azad agent kimi “Latsio”ya yollanmışdı.






