Almaniya millisinin sabiq hücumçusu Miroslav Kloze 2026-cı il dünya çempionatı zamanı Argentina yığmasının kapitanı Lionel Messi ilə telefon əlaqəsinin yaradıldığını açıqlayıb.

Kloze bildirib ki, bu danışığın baş tutmasına Argentina millisinin baş məşqçisi Lionel Skaloni səbəb olub. Onun sözlərinə görə, keçmiş komanda yoldaşı olan Skaloni ilə hələ də müntəzəm əlaqə saxlayır: “Lionel Skaloni “Latsio”dakı komanda yoldaşım olub, bu gün də müntəzəm əlaqə saxlayırıq. Messi dünya çempionatlarında mənim rekordumu təkrarladıqdan sonra Skaloni telefon danışığımızı təşkil etdi. Bu, çox təsirli an idi. Biz Messi ilə meydanda bir neçə dəfə qarşılaşmışdıq, amma bu, oyundan kənarda ilk uzun söhbətimiz oldu. O, mənə avtoqraflı formasını göndərəcəyinə söz verdi”.

Xatırladaq ki, Messi iyunun 16-da qrup mərhələsində Əlcəzair üzərində 3:0 hesablı qələbə ilə başa çatan oyunda het-trik edərək dünya çempionatlarının final mərhələlərində vurduğu qolların sayını 16-ya çatdırmış və Klozenin rekorduna şərik olmuşdu. Argentinalı ulduz daha sonra Avstriya ilə görüşdə (2:0) dubl edərək almaniyalı keçmiş futbolçunu geridə qoyub. Hazırda Messinin dünya çempionatlarında keçirdiyi 31 oyunda 21 qolu var.

Shares: