ABŞ Prezidenti Donald Tramp “Dallas Maveriks”in 2025-ci ilin fevralında ulduz basketbolçusu Luka Donçiçi “Los-Anceles Leykers”ə göndərməsini anlamadığını bildirib.
Tramp hesab edir ki, bu mübadilə idman tarixinin ən uğursuz sövdələşmələrindən biri kimi yadda qala bilər: “Dallas Maveriks”in böyük komandası var. Amma sizə deməliyəm ki, bu mübadiləni başa düşmürəm. Mən basketbol haqqında ümumiyyətlə nə bilirəm? Deyərdim ki, bu sövdələşmə idman tarixinə ən möhtəşəm mübadilələrdən biri kimi yox, bəlkə də əksinə, ən pis mübadilə kimi düşəcək”.
ABŞ Prezidenti daha sonra Donçiçin “Leykers”ə keçidini 1919-cu ildə Beyb Rutin “Boston Red Sox”dan “Nyu-York Yankiz”ə göndərilməsi ilə müqayisə edib. Trampın sözlərinə görə, həmin vaxt 19 yaşlı atıcı Beyb Rut 36 yaşlı üçüncü baza oyunçusu və 100 min dollar müqabilində “Yankiz”ə keçmişdi. “Boston”un həmin vaxt pula ehtiyacı olduğunu deyən Tramp Beyb Rutun mübadiləsinin uzun müddət idman tarixinin ən pis sövdələşməsi olaraq qalacağını vurğulayıb. Bununla belə, o, indi bu statusun Donçiçin mübadiləsinə aid ola biləcəyini də istisna etməyib: “Bəlkə indi bu, Luka ilə bağlıdır? Bu, yaxşı mübadilə deyildi. Xeyr, pis mübadilə idi. Bəlkə bunu geri çevirmək olar? Mən sövdələşmələri daim yenidən nəzərdən keçirirəm. Bunu da yenidən nəzərdən keçirmək lazımdır. Onların bunu niyə etdiyini başa düşmürəm”.

