Digər idman növləri

Almaniyada 1/4 finalçılar bəllidir

1/4 finalçılar
Səs süni intellektlə yaradılıb.

Almaniyanın paytaxtı Berlində təşkil olunan qadınlar arasında basketbol üzrə dünya çempionatında 1/4 finalçılar müəyyənləşib.

Pley-in mərhələsinin sonuncu oyun günündə Puerto Riko ilə Çin milliləri üz-üzə gəlib. Görüş sona qədər gərgin mübarizə şəraitində keçib. İlk hissəni 1 xal fərqilə öndə başa vuran asiyalılar fasilədən sonra mərkəzi amerikalıların ciddi təzyiqi ilə üzləşib. Buna baxmayaraq, matçın sonlarında yenidən fəallaşan Çin millisi Puero Riko seçməsini 75:72 hesabı ilə məğlub edib. Qarşılaşmanın ən məhsuldar oyunçusu Triniti San Antonio olub. Puerto Riko komandasını oyun qurucusu meydanı 14 xalla tərk edib.

Günün sonuncu matçında da azarkeşlər maraqlı mübarizəyə şahidlik edib. Qrup mərhələsində ABŞ millisinə çətin anlar yaşadan İtaliya basketbolçuları bu dəfə az qala Avstraliya basketbolçularını mübarizədən kənarlaşdıracaqdı. Hərçənd ilk 3 periodda basketbol həvəskarları meydanda ancaq Okeaniya təmsilçinin parlaq çıxışını izləyib. Amma 4-cü bölümə 20 xal fərqilə geridə daxil olan avropalılar məhsuldar oyunu ilə matçda intriqanı bərpa edib.  Buna baxmayaraq, appeninlilər sürpriz edə bilməyib: İtaliya – Avsrtaliya 80:82. Avstraliyalıların qələbəsində 30 xal toplayan İzabel Borlays böyük rol oynayıb.

Bu gün 1/4 final mərhələsində ABŞ – Macarıstan, Çin – Fransa, Belçika – Almaniya və Avstraliya – İspaniya oyunları keçiriləcək.

Shares: