Rəhmətlik Cəlil Məmmədquluzadənin yaxşı bir sözü var: biz nə qədər yazırıq, bunlar düzəlmir ki, düzəlmir! Bu, istənilən sahəyə aiddi. Təəssüf ki, paralar futbolumuza cüzi inkişaf gətirsə də, klubların peşəkarlıq səviyyəsində buraxdığı nöqsanlar yetərincədi. Ölkə mətbuatında hər nə qədər bu problemlərin həlli yolunda müzakirələr getsə də, klub rəsmiləri öz bildiyini edir və məsləhətləri bu qulaqdan alıb, o biri qulaqdan buraxır. Arada itirən də Azərbaycan futbolu olur.
 
Bu gün "problemnamə" silsiləsindən növbəti bir "əsər"imizlə sizi tanış etmək istərdik. Bilirik ki, bu "əsər"in onsuz da heç bir əsəri olmayacaq, amma yenə də tənbəllik etməyib fikirlərimizi sizinlə bölüşmək istərdik.
 
Hə, bugünkü mövzumuz Azərbaycana gətirilən legioner futbolçuların bir il oynayıb sonradan "zibil qutusu"na atılması və orada lazımsız bir əşya kimi qalmasından gedir. Üstəlik, bəzi sıxışdırılmış futbolçuların da fəaliyyətsizlikdən bezib FİFA-ya şikayət ünvanlamaq arzusundan da danışacağıq…
 
Əlinin aldığını Vəli bəyənmir
 
Öncə klubların yaxasından yapışaq. Əvvəla onu qeyd edim ki, Azərbaycan futbolunu inkişaf etdirmək istəyən klublar uğuru ölkəyə legioner gətirməkdə görür. Əlbəttə, bəzi klubların nəzdində yaradılan akademiyalar, müxtəlif bazalar və ya uşaq futbolunun inkişafı üçün müəyyən layihələri qarşımıza arqument kimi qoya bilərlər. Amma aparıcı klublarımızın mühərriklərinin legionerlər olduğunu danmaq mümkün deyil.
 
İstənilən kluba barmağınızı uzadın, biz onun aparıcı oyunçularının coğrafiyasını sizə izah edək. Düzdü, klubu legionerlə gücləndirmək yaxşıdı. Dünyada futbolu inkişaf edən bütün ölkələrdə legionerlər klublarının əsas söz sahibidi. Amma həmin klublarda heyətə cəlb olunan legionerlər stəkana salınan çay paketi deyil. Legionerlər bir klubun heyətinə transfer olunursa, komandada tez-tez məşqçi dəyişiklikləri belə onların statusuna təsir etmir (Ekspress).
 
Bəli, xaricdə bu legioner bu gün buradadısa, sabah başqa komandada oynaya bilər. Amma bu, heç də onun kollektivə lazımsızlığından irəli gəlmir. Əksinə, orada əcnəbi futbolçuları özlərini göstərib başqa kluba transfer olurlar və komandalarına pul qazandırırlar.
 
Ən əsası, Əlinin komandaya gətirdiyi legioner Vəlinin gəlişi ilə lazımsız oyunçuya çevrilmir. Əlinin aldığı oyunçunu Vəli də oynadır. Həm də ki, orada klub rəhbərliyi yeni məşqçinin qarşısında şərt qoyur: heyətə yeni oyunçu ala bilərəm, amma buna qədər aldığım futbolçunu ehtiyat oyunçular skamyasında saxlamamalısan. Necə deyərlər, mən ona pul vermişəm. Lap bir məşqçi sələfinin aldığı oyunçunu bəyənməyəndə prezidentə öncədən deyir ki, mən onu oynatmayacam və həmin futbolçu satışa çıxarılır. Belədə vaxtıyla həmin futbolçuya pul xərcləyən prezident legionerini satmaqla heç olmasa, mayasını çıxarır. Adicə "Real"da Məsut Özil amilini vurğulamaq kifayətdi. Amma Azərbaycanda…
 
Hər şey göz qabağındadı. Klub prezidentləri vaxtıyla pul xərcləyib Azərbaycana gətirdikləri və onlara yüksək məvacib yazıb güvəndikləri oyunçuları sonradan dəyər-dəyməzinə çölə atırlar. Daha doğrusu, lazımsız əşya kimi ehtiyat oyunçular skamyasına "qaynaq edirlər". Bütün bunların səbəbi də məşqçi dəyişiklikləri və bunun gətirdiyini o birisinin bəyənməməsidi. Bunun nəvaxta qədər davam edəcəyini bilməsəm də, ona əminəm ki, bütün bunlar Azərbaycan futbolunun birbaşa ziyanına işləyir. Yəqin klub prezidentləri üçün legionerlərə xərclənən pullar konfet kağızı, poçt markası ya da köhnə "Turbo" saqqızının üstünə bürünmüş "maşın şəkillərdi". Doğrudanmı, həmin legionerə xərclənən və sonradan zay olan pullar bu dərəcədə dəyərsizdi? Sən bu futbolçudan qazanc götürmürsənsə, ona xərclədiyin pullara da heyfin gəlmirsə, daha biz nə üçün səhərdən axşama qədər monitor arxasında "klaviatura döyəcləyirik". Biz də bilərik ki, kimlərsə futbolumuzla və ölkədə dövr edən valyutayla "mırtlaşır", özümüzə gedib ayrı peşə axtararıq. Daha başımızı aldatmaq nəyə lazım?
 
Toşak gəlir Piti bəyənmir, Pantiç Penanı oynatmır, nə bilim, o bunu atır, bu onu tutur. İndi hər dəfə "Bakı"da, "Xəzər Lənkəran"da məşqçi dəyişəcək deyə legionerlər də "karvansarayın bu qapısından girib o biri qapısından çıxacaq"? Birillik legionerdən nə gözləyəsən? Məsələ ondadı ki, yeni məşqçilər sələflərinin aldığı oyunçuları bəyənməyib guya nə ediblər ki? Adama deyərlər ki, sizin aldığınız nədi? Hamısı bir-birinin tayıdı. Guya yeni legioner köhnəsindən yaxşıdı? Bu gün "Bakı" da, "Xəzər Lənkəran" da sürünür. Elə komanda belə bərbad çıxış edəcəksə, yeni oyunçunu almağın nə mənası var idi? Sabiq məşqçinin gətirdiyi futbolçu oynayırdı da. Nə bilim…
 
Rumıniyadan gəlmiş "pulgirlər"
 
Hə, imam üçün ağladıq, indi lətifəsi legionerlərdən uzaq, keçək Yəzidin məsələsini müzakirə etməyə. Məsələ ondadı ki, yeni məşqçinin gəlişiylə meydana çıxmayan legionerlər də ehtiyat oyunçular skamyasında çürüdüyünə görə üsyan qaldırır. Özü də son vaxtlar belə qiyamı Rumıniyadan gələn legionerlər reallaşdırır. Adrian Pit "Xəzər Lənkəran"a qarşı bir aylıq maaşa görə vəsadət qaldırıb klubu FİFA-ya müraciət etməklə hədələdisə, indi də onun həmyerlisi Marius Pena "Bakı"dan Yozef Blatterin başçılıq etdiyi quruma şikayət etmək istəyirdi. Elə onun da dərdi 3 aylıq maaşını ala bilməməsiydi.
 
Düzü, "Bakı" kimi böyük layihələri olan komandanın oyunçulara məvacib verməməsi təəccüblü haldı. Bu komanda "Turan" deyil ki, oturaq gününə ağlayaq. Hafiz Məmmədov Fransada "Lans"ı saxlayıb "Bakı"da oynayanların məvacibini gecikdirirsə, deməli, ortada düzgün qurulmayan işlər var. Amma istənilən halda belə problemlər hər bir komandanın başına gələ bilər. İndi bu, o deməkdi ki, komandanın üzvləri dərhal səsini çıxatmalıdı? Bəli, futbolda peşəkarlıq şərtdi. Amma peşəkarlar da insandı və bəzən nədəsə güzəştə getmək lazımdı.
 
Sadəcə, məsələnin ən acınacaqlı tərəfi də bu üsyançıların məhz rumınlar olmasıdı. Belə çıxır ki, onlar ölkəmizə yalnız kobud desək, "pul qırmağa" gəlib. Onsuz da Azərbaycan futboluna bir qəpiklik xeyir verməyiblər, amma tələb edəndə başgicəlləndirici böyük dollarlardan danışırlar.
 
Həm də ki, Penanın 3 ay məvacib almadığına görə komandanı tərk etmək istəyi və rəhbərliyin onu buraxmamasıyla əlaqədar xəbər bir qədər "qaranlıq" görünür. FİFA-nın qanunlarına əsasən, bir futbolçu 2 ay məvacibini almırsa, komandanı sərbəst şəkildə tərk edə bilər. Yəni, Penanın və onun agentinin bu qanundan xəbəri yoxdu? Onsuz da qışda "Bakı"yla müqavilə müddəti başa çatan futbolçu iş yerini dəyişəcək və sözsüz ki, pulunu qəpiyinə qədər alacaq. Amma gərək çörək yediyin qaba da tüpürməyəsən. Onsuz da buranı talayıb Azərbaycan futboluna xeyir verməyib hər şeyə tüpürüb gedirlər. Amma bəzən vicdan amilini də nəzərə almaq lazımdı.
 
Yenə də deyirəm, günah klublarımızdadı. Bu yazıda "Bakı" və "Xəzər Lənkəran" rəhbərliyini qınasam da, "İnter", "Neftçi" və "Qəbələ"də, lap elə "Qarabağ"ın özündə də yetərincə nöqsanlar var. "Ayntraxt"la Bakıdakı oyuna görə Varvodiçin heyətdən sıxışdırılması, "Neftçi"nin Platye və Mpenza kimi yersiz transferləri, "Qəbələ"nin bir il ingilis, bir il ispan, bir il rus havası çalması da geniş bir söhbətin mövzusudu. Ancaq danışmaqla iş düzəlmir. İş görmək lazımdı ki, bunu da onlar bacarmırlar…
 
MURAD
Shares: