“Qarabağ” deyiləndə ilk öncə “İmarət” stadionu yada düşür. Ovaxtlar Ağdam klubunun ev oyunlarını keçirdiyi xatirələrlə dolu arena. Müharibə zamanı belə “Qarabağ”ı qoynuna alan, işğala kimi bir çox məhrumiyyətlərə dözən stadion. Milli çempionat oyunlarında "Qarabağ"ın futbolçuları bəzən ölüm təhlükəsiylə üz-üzə qalsa da, məhz burada meydana çıxırdı. Sanki “İmarət”in sehrinə inandığı, onu xain düşmənin güllələrindən qoruyacağını bildiyi üçün bu arenanın qazonuna son anadək ayaq qoyanlardan biri də Yaşar Hüseynov idi.
 
“Qarabağ”ın veteranlarından olan Hüseynov həm də klubun sadiqlik simvollarındandı. Gözünü futbol həyatına doğma Ağdam klubunda açan Yaşar bəy deyəsən, qocalığını da burada keçirəcək.
 
– Ağdamdakı ev ünvanınızı və telefon nömrənizi xatırlıyırsız?
– Heç vaxt yadımdan çıxartmaram. 20 yanvar küçəsi, ev 6, telefon isə 6-21-74.
 
– Qardaşınız Müşfiq Hüseynov köhnə xatirələrini vərəqləyəndə demişdi ki, Yaşara ev tikdik, bir gün də qala bilmədi.
– Hə, heç bir gün də qala bilmədim. Hələ ora telefon da çəkdirmişdim. Oranın da telefon nömrəsi 5-39-74 idi. Yadımdadı, oranı qəşəng təmir etdirmişdik. Düzdü, adama çox pis təsir edir. Nəinki biz, orada nə qədər adam öz yurdundan didərgin düşdü.
 
– “İmarət”i necə xatırlıyırsız?
– “Imarət” stadionu mənim doğma evim kimi olub. Oranı heç vaxt unutmaram. Çoxlu xoş xatirələrim var. “İmarət”in yanında  qoca bir arvad yaşayırdı. Həyətində göy-göyərti əkib-becərirdi. Bizim uşaqlar futbol oynayanda top bu qoca arvadın həyətinə gedib-düşürdü. O isə rəhmətlik Allahverdi Bağırovu çağırıb deyirdi ki, o uşaqlar 40 metrlik qapını qoyub, topu niyə mənim göyərtilərimin üstünə vururlar?! “İmarət” stadionun otu özü çıxırdı. Yadıma gəlir, “İmarət”dəki axırıncı oyunumuzdan qabaq qonaq komandanın futbolçusu Vidadi Rzayev stadionun ot örtüyünə heyran qalaraq uşaqlara zarafatyana demişdi ki, "stadiona buts ilə çıxmıyın, heyfdi ". 1993-cü ildə biz həm çempion olduq, həm də kuboku aldıq. Komandanın üzvləri ilə getdik rəhmətlik Fred Asifin (Asif Məhərrəmov) yanına ki, biz də vuruşmaq istəyirik. O da bizə dedi ki, yox, komandanı saxlamaq lazımdı, siz bizə burada lazımsız, “Qarabağ” adını yaşatmaq lazımdı. Biz o vaxt Mingəçəçevirdə məskunlaşmışdıq. Bir gün gəldik ki, stadiona qrad düşüb, yeri qalıb. Biz o quyunu torpaqla doldurduq, sonra oyuna başladıq. Hətta mərhum Allahverdi Bağırovu 1 dəqiqəlik sükutla yad edəndə, stadionun yanına qrad düşdü. Bəziləri qaçdı, amma biz qaldıq.
 
– Qaçan futbolçular yadınızdadı?
– Bunu desəm, xətirlərinə dəyər axı. Biz onsuz da belə şeylərə öyrəşmişdik. Rəqib futbolçulardan da var idi. “Qarabağ”dan isə yadımdadı, Məmməd Məmmədov qaçdı. Düzü, o da öyrəşmişdi, amma anidən olduğu üçün özünü itirdi. Oyundan sonra o hadisəni çox dedik-güldük.
 
– Ovaxtlar Müşfiq Hüseynov ilə bir komanda da oynamaq sizin xeyrinizə idi, yoxsa?..
– Yox, həmişə xeyrimə olub. Müşfiq qollarının çoxunu mənim ötürməm hesabına vurub. Müşfiqin ötürməsi ilə də mən yaxşı qollar vurmuşam. Oyundan öncə də söhbətləşirdik kı, sən oyunda hansı yerdə olmalısan, mən sənə necə ötürmə verməliyəm.
 
– Ən unudulmaz qol hansı olub?
– Birini 1987-ci ildə “İmarət”də cərimə zərbəsindən "Bərdə" komandasına vurmuşam. Onda bizim zəif vaxtlarımız idi. Bir də gördüm ki, azarkeşlərimizin hamısı üstümə tökülüşdülər. Az qalmışdı nəfəsim kəsilə. 97-də Müşfiqin ötürməsi ilə ovaxtkı Razin qəsəbəsində “İnşaatçı”ya da yaxşı qol vurmuşam. Həmin oyundan sonra komandaya sponsorluq edən biznesmənlər soyunub-geyinmə otağına gəldilər və dedilər ki, Yaşarın vurduğu qola görə sizi bir həftəlik Suriyaya təlim-məşq toplanışına aparırıq.
 
– Sizi rəqib komandanın heyətində hansı yarımmüdafiəçilər narahat edirdi?
– Yunis Hüseynov, Vidadi Rzayev, Mahmud Qurbanov – bunları keçmək bir az çətin məsələ idi. “Neftçi”ylə, Gəncə klubuyla oyunlarımız çox çətin keçirdi.
 
– İndiki dövrdə hansı futbolçuda öz oyun stilinizi tapırsız?
– “Neftçi”də çıxış edən Rəşad Sadiqovda. Mənim üstünlüyüm o idi ki, cərimə zəbələrini özüm vururdum. Cərimə olan kimi heç kim topa yaxın gəlmirdi.
 
– Karyeranızı sırf "Qarabağ"a həsr etmisiz. Halbuki o vaxt sizə digər komandalardan təkliflər də var idi. Amma siz "Qarabağ"da qalmağı üstün tutmuşduz. Sizi "Qarabağa" bağlayan nə idi?
– Mən 10 yaşımdan buradayam. 21 il oynamışam, 13 ildi də məşqçi işləyirəm. Bura mənim doğma evimdi. Buradan ayrıla bilmirəm. “Qarabağ” oynayanda mənə Ağdamın kəndlərindən, Quzanlıdan zəng gəlir ki, oyun necə oldu? Ona görə ayrıla bilmirəm ki, bizim rəhmətliklərimiz bizə buranı yadigar qoyub gedib. Onların ruhu komandada var. Başqa komandalardan da təkliflər var ki, gəl, bizim əvəzediciləri çalışdır. Amma mənə zəng edənlərə deyə bilməyəcəm axı, qardaş, mən başqa komandadayam. “Qarabağ”sız özümü təsəvvür edə bilmirəm.
 
– “İmarət”dəki oyunlar ilə Bakı stadionları arasında nə kimi fərqlər var?
– Öz torpağında oynamırsansa, stadionun fərqi yoxdu. “İmarət”də bizim məşqlərimiz olanda da stadion dolurdu.
 
– Yaşar Hüseynov futbolçu kimi güclü olub, yoxsa məşqçi kimi?
– Mən futbolçu kimi yadda qalmışam, məşqçi kimi hələ yox. Məşqçi kimi əlimdən gələni uşaqlara öyrədirəm. Həm onlara öyrədirəm, həm də özüm öyrənirəm.
 
– Ovaxtkı "Qarabağ" ilə bugünkü “Qarabağ” arasında nə kimi fərq var?
– İndiki “Qarabağ” daha güclüdü. Həm də indiki “Qarabağ” daha sürətli futbol oynayır. Komanda qaçqın komandadı, amma oyun üslubu “Barselona”nın oyun üslubu ilə üst-üstə düşür.
 
– Bu gün çempionluq yarışında kimləri əsas rəqib görürsüz?
– Bizə “Neftçi”dən başqa rəqib yoxdu.
 
EMİN SƏFƏROV
Shares: