21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının və Türkiyənin "Tavşanlı Linyitspor" klubunun qapıçısı Andrey Popoviçin futbolinfo.az saytina müsahibəsi
 
– "Tavşanlı Linyitspor"da işləriniz necə gedir?
– Əslində hər şey normaldı. Sadəcə, oynamamağım məni üzür
 
– Bəs ehtiyatda qalmağınızın səbəbi nədi? Bu barədə baş məşqçi ilə söhbətiniz olub?
– O, hələ ki, digər qapıçımıza etimad göstərir. Amma bu yaxınlarda mənə də şans verəcəyinə ümid edirəm.
 
– Ola bilər ki, siz tam hazır olmadığınız üçün ehtiyatda qalırsız?
– Mən belə düşünmürəm. Özümü oynamağa hazır sayıram.
 
– Məşqçiniz müsahibələrinin birində sizi gələcək mövsüm üçün aldıqlarını deyib. Böyük ehtimalla bu mövsümü elə sonadək belə keçirməli olacaqsız…
– Bəli, o, belə bir sözü özümə də deyib. Amma mən bununla razılaşmıram. Oynamaq üçün hazır olduğumu sübut edəcəm.
 
– U-21-in əsas qapıçısız. Klubunuzda oynamamağınız millidə daha yaxşı çıxış etməyinizə mane olmayacaq ki?
– Əlbəttə, oyun təcrübəsi hər bir futbolçuya lazımdı. Amma bu, mənə ciddi problem yarada bilməz. Mən öz oyunumu oynayacam.
 
– Gənclərdən ibarət yığmamızı qarşıda Makedoniya ilə matç gözləyir. Səfərdə keçiriləcək qarşılaşma öncəsi fikirləriniz maraqlıdı…
– Çətin oyun olacaq. Amma biz bura qələbə üçün gəlmişik. Ümid edirəm ki, buna nail ola biləcəyik. Biz öz növbəmizdə əlimizdən gələn hər şeyi edəcəyik.
 
– "Tavşanlı Linyitspor"da əsas heyətə düşməməyiniz sizi Azərbaycana qayıtmağa məcbur etmir ki?
– Hələ ki, Azərbaycana qayıtmağa hazırlaşmıram. Hazırda bütün fikirlərim klubumdakı mövqeyimi yaxşılaşdırmağa yönəlib.
 
– Bəs yerli klublardan təklif almısızmı?
– Xeyr, heç bir klubumuzdan dəvət olmayıb. Olsa belə, hələ Azərbaycana qayıtmaq fikrim yoxdu.
 
– Yığmanın əsas qapıçısı Kamran Ağayevin zədəli olduğu bir vaxtda əsas millimizdən dəvət gözləyirdinizmi?
– Düzünü deyim ki, gözləmirdim.
 
– Niyə?
– Dəqiq səbəbini demək çətindi. Amma bircə onu bilirəm ki, öz üzərimdə çox işləməliyəm. Ümid edirəm ki gələcəkdə çağıracaqlar.
 
– Topaz Premyer Liqasınının oyunlarını izləyirsizmi?
– Əlbəttə. Oyunlara baxıram. Hazırda "Neftçi" və "Qarabağ" daha sabit çıxış edir.  Çempionluq mübarizəsinin də bu iki klub arasında gedəcəyini düşünürəm.
 
– "Turan"da çıxış etdiyiniz dövrdə bəzi xoşagəlməz vərdişləriniz sizə həm klubda, həm də yığmada problem yaratmışdı. Türkiyədə də eyni vəziyyətlə üzləşmirsiz ki?
– Xeyr. İndi belə bir şey yoxdu.
 
KƏMALƏ İSMAYILOVA
Shares: