Futbol üzrə Azərbaycan 1-ci divizionunda 10-cu tur çərçivəsində öz meydanında Gəncənin “Kəpəz” komandasını qəbul edən “Lokomotiv” 3:2 hesabı ilə qələbə qazandı. Paytaxt komandasının baş məşqçisi İlqar Hüseynov oyundan sonra futbolinfo.az saytına görüşü belə şərh etdi:
 
"Oyun çox gərgin keçdi. Sözün açığı, "Kəpəz"in bu qədər güclü olduğunu bilmirdim. Rəqibin heyətində 3-4 təcrübəli futbolçu var idi deyə, oyunun tempini istədikləri vaxt aşağı sala bilirdilər. Bizdə isə ən yaşlı oyunçunun 20 yaşı var. Gənc olduqları üçün onları idarə etmək çox çətin olur. Biz ilk hissədə rəqibin boşluqlarını tapmaq üçün əsasən kəşfiyyat xarakterli oyun sərgilədik. Əsas məqsədimiz ikinci hissədə rəqibin boşlularından istifadə etmək idi. Özünüz də gördünüz ki, ikinci hissəyə 2 oyunçu dəyişikliyiylə başladıq. Bu cür oyunlarda əgər son dəqiqələrdə qol buraxırsınızsa, deməli bu qolun ardı gələ bilər. Məhz buna görə də komandama geri çəkilməyi tapşırdım. Son olaraq isə gənclərimi təbrik edirəm, onlar bu qələbəyə layiq idilər".
 
“Lokomotiv”in qapısına penalti təyin edilən zaman komanda üzvləri hakimə etirazlarını sərt şəkildə bildirsələr də, baş məşqçi qələbədən sonra hakimlikdən narazı olmadığını söylədi: “O, hakimdi, öz işini görür. Biz isə 90 dəqiqə sonuna qədər oynamalıyıq. Hakimə etirazımı emosianallıq kimi qarşılamaq lazımdı. Bu, oyundu, hər şey ola bilər”.
Shares: