Həftəsonu Dortmundda "Borussiya"nın qonağı olacaq "Bavariya"dakı zədəlilər karvanına daha bir ulduz qoşulub. Futbolinfo.az xəbər verir ki, Münhen klubunun futbolçusu Frank Riberi liderlərin duelində olmayacaq. Yarımmüdafiəçi Fransa – Ukrayna matçında aldığı zədəyə görə bir müddət komandadan uzaq qalacaq.
Cari mövsumdə "Bavariya" forması ilə çıxdığı 16 oyunda 8 qol vurub 7 məhsuldar ötürmə edən fransız cinah oyunçusu bunları deyib: "Təəssüf ki, Dortmundda komandama kömək edə bilməyəcəm. Lakin inanıram ki, komanda yoldaşlarım mənsiz də qələbə qazana biləcəklər".
Xatırladaq ki, alman klubunun zədəli oyunçular siyahısında Bastian Şvaynştayger, Holqer Badştuber, Klaudio Pizzaro və Xerdan Şakirinin adı yer alır.





