Bu həftə Azərbaycan 1-ci divizionunda 11-ci turun oyunları keçiriləcək. Futbolinfo.az xəbər verir ki, “Şuşa” səfərdə “Araz Naxçıvan”ın qonağ olacaq.
 
Bu gün Naxçıvana yollanacaq komandanın oyuna necə hazırlaşdığını "Şuşa"nın baş məşqçisi Nadir Qasımovdan öyrənməyə çalışdıq. Təcrübəli mütəxəssis saytımıza açıqlamasında öncə bunları söylədi:
 
“Araz Naxçıvan"ın necə komanda olduğunu bilirik. Çempionatda çox yaxşı nəticələr qazanırlar. Amma biz səfərə məğlub olmaq üçün getmirik. Çox gözəl dərk edirik ki, onlar doğma meydanda oynayır və qalib gəlməyə çalışacaqlar. Səfərdə çıxış etsək də, layiqli oyun göstərmək istəyirik. Naxçıvanda futbola maraq böyükdü. O azarkeşlərə də maraqlı oyun nümayiş etdirməyə çalışacağıq. Bu, komandam üçün bir imtahan olacaq. Futbolçularıma demişəm ki, orada futbolu sevirlər və maraqlı oyun göstərmək lazımdı. Mən özüm də vaxtilə orada oynamışam”.
 
Qasımov komandadakı itkilər haqqında da məlumat verib: “Heyət oyuna hazırdı. Amma komandada iki itki var. Hansı mövqelərdə və kimlərin olduğunu deməyəcəm ki, rəqib bilməsin. Həmin zədələnmiş futbolçuları əvəz edəcək futbolçularımız var. Səfərdən xalla qayıtmaq istəyirik. Naxçıvana məğlubiyyət üçün getmirik”.
Shares: