İki cür futbol komandası mövcuddu: milli və klub komandası. İndi durub onların fərqindən danışmağım düzgün olmazdı. Qismən də olsa, futboldan baş çıxaran insan milli komandayla klubun fərqinin nədən ibarət olduğunu bilər. Yəni bütün dünyada millidə ancaq həmin ölkəyə məxsus olan futbolçuların, klublarda isə istənilən oyunçunun top qomaq hüququna malik olmasıyla bağlı vahid anlayış mövcuddu.
Bununla yanaşı, yığmalarla klublar öz aralarında oynayırlar. Yəni rəsmi səviyyədə klubla yığma komanda üz-üzə gələ bilməz. Təəssüf ki, Azərbaycanda ikinci qayda işləsə də, birinci qayda mövcud deyil. Yəni bizim milli ölkənin və ya dünyanın hansısa klubuyla qarşılaşmaq hüququna malik deyil. Ancaq digər millilərdən fərqli bizim yığma komanda ali bir özəlliyə sahibdi. Yəni, Azərbaycan millisində təkcə azərbaycanlılar və ya bu ölkənin başqa millətlərdən olan daimi sakinləri ilə yanaşı, bura aid olmayan istənilən oyunçu çıxış edə bilər. Sözümün canı ondadı ki, hansısa bir klub istədiyi oyunçunu necə alırsa, yığmamız da eyni özəlliklərə sahibdi. Əladı, deyilmi? Kimin belə yığması var?
Vallah, qibtə olunası millidi. Yəni bizim üçün hansısa qanun məcəlləsi və ya prossedur türklər demişkən, söz konusu deyil. Elə türklərdən danışacam.
Məsələ ondadı ki, hazırda istər ölkəmizin əsas, istərsə də 21 yaşa qədər futbolçularından ibarət komandası müxtəlif "sort" türk oyunçularla zəngindi. "Sort" deməkdə məqsədim onların doğulduğu məkanla əlaqədardı. Hələ mən onların bizim ölkəyə bağlılığından danışmıram. Söhbət bu türk abimizin Türkiyə və ya Almaniyada doğulmasından gedir. "Bizim üçün hər yer Azərbaycandı" deyən AFFA rəsmiləri istədiyi vaxt türkləri doğma vətənindən və ya Almaniyadan qoparıb Azərbaycan millisinə calaya bilər. Bunu AFFA kimi qəyyumu olan Berti Foqts da yaxşı bacarır, Bernard Lippert də. İndi mən burada vaxtıyla millimizə gətirilən türk futbolçularının adlarına "dəm-dəstgah" açmaq niyyətində deyiləm. Hər şey göz qabağındadı. Sadəcə, bugünə qədər federasiya rəsmiləri Türkiyənin şərqində yerləşən bəzi şəhərlərin sakinlərinin tarixi köklərinin azərbaycanlı olmasını ön plana çəkərək müəyyən fəndlərə əl atırdı. Belədə biz də çarəsizlikdən susmalı olurduq. Hardasa bunu dansaq, öz tariximizi danmış olarıq. Amma sən demə, bizim ona üz verməyimizdən istifadə edən AFFA yavaş-yavaş "astar" toplamaq qərarına da gəlib.
İndi Azərbaycana yaxından-uzaqdan heç bir əlaqəsi olmayan türklər də asanlıqla müxtəlif yaş qrupunda olan komandalarımızın şərəfini qoruya bilər. Belə ki, yaxınlarda Almaniyanın "Fortuna" komandasının şərəfini qoruyan Ərən Taşkın U-21 millimizdən dəvət aldığını və artıq pasportunun hazır olduğunu bildirərək yığmamızda oynayacağını söyləyib. Məsələ ondadı ki, bu insanın özü də təsdiqləyir ki (apasport.az), məni Azərbaycanla heç nə bağlamır. Yəni, Taşkın nə Azərbaycanda yaşayıb, nə də onun tarixi köklərinin ölkəmizlə əlaqəsi var. Ancaq belə məsələlərə bir içimlik su kimi baxan AFFA Taşkını "azərbaycanlılaşdırmaq"da çətinlik çəkməyib. Əslində, bunun iki izahı var: ya AFFA-da oturanlar türkçü və turançıdı, ya da Azərbaycan qanunları kimisə milliləşdirməkdə heç bir problem yaratmır.
Düzü, AFFA-da işləyənlərin nə dərəcədə türkçü olmasından xəbərim yoxdu. Amma kənardan elə təsir bağışlayır ki, özünü böyük Turanın bir hissəsi görən federasiya rəsmiləri bu gün Türkiyədən, sabah Qazaxıstandan, o biri gün də Qırğızıstandan hansısa istedadlını millimizə dəvət edə bilər. Hələ mən ulu babamızın övladlarından olan uyğur və tatarlardan danışmıram. Amma mən biləni biz ayrı-ayrı ölkələrik və hər dövlətin özünə görə qanunları var. FİFA-nın yanında türkçülük və ya slavyançılıq anlayışı keçmir. Yəni, bu məsələyə bir quş. Qalır bizim qanunlarımıza…
Bəli, Azərbaycanda müəyyən qanun məcəllələri mövcuddu. Bunlardan biri də Azərbaycan respublikasının vətəndaşlığı haqda Azərbaycan respublikasının qanunudu. Belə ki, bu qanunun 14-cü maddəsinə əsasən Azərbaycan respublikasının ərazisində son 5 il ərzində yaşayan və Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqindən, milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa adətlərindən asılı olmayaraq, bu qanuna müvafiq surətdə öz vəsaiti ilə Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilə bilər…
Görəsən, AFFA rəsmilərinin bundan xəbəri varmı? Təbii ki, var! Amma təəssüf ki, ölkəmizdə bu qanunlara riayət olunmur. Nəticədə də belə qanunsuzluqlar baş alıb gedir. Məsələ ondadı ki, bu qanunları təkcə AFFA pozmur. Ölkəmizin bir çox idman federasiyaları qanundakı prossedurlara əməl etməyənlərə vətəndaşlıq verir. Ancaq Məhəmmədrəsul Məcidov və Şərif Şərifov kimi ölkəmizin bayrağını ucalara qaldıranları görəndə susmağa məcbur olursan. Amma siz görün AFFA kimlərə görə qanunlarımızı ayaq altına alır? Bugünə qədər milliləşən futbolçularımız yığma komandalarımıza nə verib ki, sabah Taşkın da nə versin? Baxırsan ki, İspaniyada Dieqo Kosta da milliləşib. Amma onu da bilirsən ki, braziliyalı futbolçu ən azı 5 il İspaniyada yaşayıb. Bu Taşkın isə etiraf edir ki, ömrü boyu Azərbaycana gəlməyib, ancaq ona artıq pasportunun hazır olduğunu deyiblər. "Nə yoğurduq, nə yapdıq, hazırca kökə tapdıq" prinsipiylə Azərbaycan futbolunu inkişaf etdirmək mümkün deyil. Çalışmaq, işləmək və oyunçu yetişdirmək lazımdı. Bunun üçün də öncə təfəkkür dəyişməlidi…
FƏRİD





