“Neftçi” uduza bilməz, bu komanda “Barselona”dan da güclüdü. Sadıq Sadıqov klub prezidenti kimi var olduğu bu illərdə bir kişi onların qolunu bükə bilməz.
 
“Neftçi” yalnız uduzdurula bilər, “Skenderbeu”yla görüşdə olduğu kimi. Həmin matçda külək, hakimlər UEFA – hamı albanlara kömək etdi.
 
“Neftci”nin hər məğlubiyyəti olay olur. Yəqin ki, bu komanda “Xəzər Lənkəran” kimi autsayderlər qrupunda olsaydı, lap elə indi-indi özünə gələn “İnter” kimi uğursuzluqları sıralasaydı, üçüncü dünya müharibəsi başlamışdı. Zarafat deyil, şəxsən mən bu paytaxt klubunun hansısa oyundan sonra zəif olduqları üçün uduzduqlarını kişi kimi etiraf etdiklərini görməmişəm. Ən azı son 3-4 mövsümdə. Bircə nə illah idisə Superkubok matçındakı yenilgini rahat həzm etdilər ki, görünür o zaman da Tərlan Əhmədovu qovmaq üçün səbəb lazım imiş. Vəssalam, ondan başqa həmişə “Neftçi”nin məğlubiyyətlərində harınlamış futbolçularından başqa hamıda günah tapılır.
 
“İnter”lə oyunda da belə oldu. Matçdan sonra elə şivən saldılar ki, meydandakı futbol, nəticə yaddan çıxdı. Yalnız baş məşqçi Nazim Süleymanov etiraf etdi ki, zəif oynayıblar: “İlk hissədə zəif oynadıq. İkinci hissəyə pis başlamamışdıq. Komandadan narazı qaldım, hesab da bunu göstərir. Bəzi futbolçuların diqqətsizliyi nəticəsində qapımızda qollar gördük. Məşqçi kimi mənim də səhvlərim oldu. Bunların üzərində işləyəcəyik. Bir futbolçunun səhvi bütün komandanın oyununa təsir edir. Daha diqqətli oynamaq lazımdı. Hakimliklə bağlı danışmaq istəmirəm. Bu barədə rəhbərlik danışsa, yaxşı olar”.
 
Amma Nazim bəy təzədi, hələ Böyükağa Hacıyev məktəbini yaxşı mənimsəməyib. Çox keçməz o da istənilən məğlubiyyətə görə başqalarının günahkar sayılmalı olduğunu anlayar.
 
“Neftçi” hələ ki, mətbuat katibi vasitəsilə etiraz edir. Yəqin ictimai fikri öyrənəndən sonra Tahir Süleymanov da, lazım gəlsə Sadıq Sadıqov da olaya münasibət bildirəcək.Hələliksə Gündüz Abbaszadə danışır, əslində səbəb tapa bilmir, səbəb axtarır, dəxli olmayan məsələlərdən danışır.
Mühafizəçilərlə bağlı iradı faktla sübut etmək lazımdı və yəqin ki, bu məsələyə AFFA nümayəndəsi aydınlıq gətirəcək. Həm də ki, Abbaszadənin nə deməsindən asılı olmayaraq, hadisələrin inkişafında hər hansı mühafizəçinin rolu olmayıb, reqlamentə görə hadisələrə hüquqi qiyməyin verilməsinə gəlincə, meydan oxumaq lazım deyil. Yəqin ki, məhz “Neftçi”nin qoçularına görə mühafizəçilər haqda verilən qərarlar hamı üçün keçərlidi və AFFA da lazımi ölçünü götürəcək.
 
Gündüz bəyin Georgi Nikolov haqda dedikləri də sadəcə, səbəb, bəhanə sayı artırmaqdan başqa bir şey deyil. Bolqar prezidentin içkili olmasını heç kim qadağan edə bilməz. Bütün dünyada azarkeşlər, stadiona gələnlər özüylə pivə götürür ki, futbola baxa-baxa əylənsin, vaxtını şən keçirsin. Bu səbəbdən də hansısa idman rejiminə əməl etmək məcburiyyətində olmayan Nikolovun içkili olmasını irad tutmaq olmaz.
 
“Neftçi” tərəfi bu məqamlardan ona görə yapışır ki, stadionun dəhlizlərində futbolçularına təzyiq edilməsini əsaslandırmağa zəmin hazırlasınlar. Ancaq hörmətli Abbaszadə unudur ki, Flavinyo rəqib futbolçuya meydanda dirsək atanda, Mahir Şükürov Baçana Sxadadzeyə zərbə endirəndə, Denis Silva Meza Kollinin ağzının üstünə ilişdirəndə nə hansısa mühafizəçi gözə dəyirdi, nə də içkili Nikolov. Bütün bunlar harınlamış futbolçuların məğlubiyyəti həzm edə bilməməsinin nəticəsi idi. Onlar rəqiblə meydanda bacara bilməyincə əldən çıxan mükafatların acığını belə çıxırdılar.
 
“Neftçi” boşuna şivən salmır. Hətta bu oyunla bağlı əllərinə bir şey keçməyəcəksə də, növbəti matçlar üçün səbəb toplayır, imtiyaz qazanmağa çalışırlar. Axı, 3 ildi belə çempion olurlar – hay-həşirlə, vay-şivənlə. Deyəsən, indi “Qarabağ”ın möhkəm qoz olması, zirvə yarışında güzəştə getməməsi onları yenə başqa yollara əl atmağa vadar edir. Halbuki bakılılar futbolçulıarının tərbiyəsi ilə məşğul olsa, yaxşıdı. Yalançı şivənlərlə 1-2 dəfə uğur qazanmaq olar, siz isə artıq 3 dəfə hətta çempion da olmusuz. “Neftçi”nin hər məğlubiyyəti mütləq reklam kampaniyasına dönməlidi? Bəlkə kişi kimi uduzmağı da öyrənəsiz?..
 
CAVAD
Shares: