"Kəpəz"in "Xəmsə" fan-klubunun rəhbəri Adil Məmmədovun futbolinfo.az saytına müsahibəsi.
 
– Əvvəlcə fan-klubunuz haqda məlumat verərdiz…
– “Xəmsə” fan-klubu 12 iyul 2009-cu ildə Bakı şəhərində mənim təşəbbüsüm ilə yaranıb. Ayın 20-də isə Gəncədə təqdimatımız olub.
 
– “Xəmsə”nin rəsmi saytı da var. Bu qədər xərcləri kim ödəyir?
– Saytımız 2010-cu ildə fəaliyyətə balayıb. Tək yığılmasına və domenə pul lazım oldu. Öz vəsaitim hesabına yaratdım. Ancaq indi işlək olan saytı xaricdə təhsil alan fan-klub üzvümüz yığıb. Bolqarıstanda Amerika universitetinin tələbəsi Şamil Mustafayev dizayn işlərini təşkil edir.
 
– Bu gün “Xəmsə” fan-klubu Premyer Liqada iştirak edən komandaların fan-klublarından daha fəaldı. Bunun sirri nədədi?
– Burada heç bir sirr yoxdu. Sadəcə, bizim futbola sevgimiz daha çoxdu. Yəni biz sonradan azarkeş olmamışıq. Futbol bizim ürəyimizdədi. İstəsək də, istəməsək də bu sevgi ölənə qədər bizimlə olacaq. Futbol azarkeşliyi bəziləri üçün bir növ peşəyə çevrilib. Nəyə və ya kimə görəsə stadiona gedir və özünə fanat deyir. Ancaq bu, belə deyil. Sonradan fanat olmurlar, fanat doğulurlar.
 
– Gəncə futbolu niyə bu günə düşdü?
– İnfranstukturun olmaması, uşaq futboluna diqqətsizlik üzündən. Şəhər stadionu az qala başımıza uçur. Orada nə futbol olmalıdı? Zibilxananı xatırladır.
 
– Gəncədə bu qədər abadlıq işləri gedir, niyə stadiona diqqət yetirmirlər?
– Stadionumuz İcra Hakimiyyətinin balansındadı. Yəqin ki, yaxın gələcəkdə növbə stadiona da çatar. 2-3 ay əvvəl bu barədə ölkə prezidentinə də məktub ünvanlamışıq. Cavabı İdman Nazirliyi verdi.
 
– Sponsorlar Gəncə komandasına niyə yaxın durmurlar?
– Gəncədə azarkeşlər tələbkardı. Yəqin qorxurlar… (gülür)
 
– Tarixi olmuş çox klub ya tarixə qarışıb, ya da 1-ci divizionda yarıcan çıxış edir. O cümlədən də “Kəpəz”…
– Tarixi olan komandaların aşağı divizionda oynaması təbii olan bir işdi. Bu kimi hallara dünyanın hər bir ölkəsində rast gəlmək olar. Ancaq qaydalara görə, "Kəpəz" keçən il diviziona düşməli idi, düşdü də. “Turan”a qarşı isə haqsızlıq edildi. Onlar pley-ofda I divizionun 2-cisi ilə görüşməli idi. Qaldı ki, ölkə futbolunun inkişafına, nə qədər ki, bölgələrdə futbol akademiyaları, futbol məktəbləri yoxdu, inkişaf da olmayacaq. Futbolu ən ucqar kəndlərimizə daşımalıyıq. İnkişaf təkcə hardasa süni stadionlar inşa etdirməklə bitmir, gərək orada uşaq futboluna da diqqəti artırasan.
 
– İmkanınız olsaydı, Azərbaycan futbolunda nələri dəyişərdiz?
– Paytaxta 2-3 komanda saxlayıb, digər komandaları bölgələrə paylaşdırardım, hamısına da tapşırardim ki, çatan kimi futbol akademiyası və məktəblərin inşasına başlasınlar. Uşaq futboluna diqqəti artırsınlar.
 
– “Kəpəz” demək olar ki, ən pis günlərini yaşayır. Nə üçünsə komandanızdan vaz keçərsiz?
– Heç vaxt! Ağlıma da gəlməz.
 
– Azərbaycan futbolunda özünüz kimi başqa çılğın azarkeş var?
– Var, çoxdu. Hansı birini deyim?! Məsələn, 60 yaşlı gəncəli Tahir Cəlilov və 65 yaşlı “arxiv” Zahid. Gənclərdən isə Atanur Cəfərli.
 
RÖYA KƏRİMLİ
Shares: