Azərbaycan 1-ci Divizionunda çıxış edən "Neftçala"nın prezidenti Famil Səfiyevin futbolinfo.az saytına müsahibəsi
 
– "Qaradağ Lökbatan"la (1:1) oyun haqda fikirlərinizi bilmək istərdik…
– Yaxşı oyun keçdi. Biz qələbə qazanmaq istəyirdik, amma olmadı. Bu oyunla bağlı danışılası bir şey yoxdu. İstədiyimiz qalibiyyəti əldə edə bilmədik. Yaxşı futbolçularımızdan biri qırmızı vərəqə ilə cəzalandırıldı. "Qaradağ Lökbatan" da çempionluğa oynayan komandadı. Məncə, səfərdə pis təsir bağışlamadıq.
 
– Baş hakim Orxan Məmmədovun idarəçiliyindən razı qaldınız?
– Məmmədov meydanda istədiyini etdi. İki futbolçumuz qırmızı vərəqə aldı. Mənə elə gəlir ki, hakimlər əvvəldən oyunu əldən buraxdılar, daha sonra bunu yığmaq mümkün olmadı.
 
– Matç bitdikdən sonra siz bir neçə klub işçisi ilə birgə hakimlərə təzyiq göstərib, təhqir etdiniz…
– Orada vəziyyət başqa cür idi. Oyun vaxtı rəqib komandanın bir neçə futbolçusu hakimin ünvanına təhqiredici ifadələr işlətdi. Belə bir şey mən heç yerdə görməmişəm. Futbolçu hakimi söyürsə, o futbolçu cəzalandırılmalı idi. Biz "Kəpəz"lə oynayan zaman futbolçumuz hakimə qarşı bu hərəkəti etmişdi və 4 oyunluq cəzalandırılmışdı. Amma mən gördüm ki, hakim söyülməsinə baxmayaraq, cavab qaytarmır. Oyundan sonra hakimə dedim ki, əgər sən bu söyüşləri qəbul edirsənsə, mən bilim. Bilim ki, sən kimsən. Mən bunu demək istədim. Yenə deyirəm, məni narahat edən hakimlərin qorxaq olmasıdı. Futbolçunu cəzalandırmaqdan çəkinirlər.
 
– Hətta sizin yanınızda olan şəxslərdən biri Məmmədovun üstünə hücum çəkdi və polislər tərəfindən uzaqlaşdırıldı…
– Ola bilsin ki, bizim yanımızda olanlardan biri bunu edib. Mən yenə deyirəm, bu şəraiti hakimin özü yaradıb. Ola bilsin, kimsə yaxınlaşıb baş hakimə sözünü demək istəyib.
 
– Hazırkı lider "Araz Naxçıvan"dan 6 xal geridəsiniz. Bu xal fərqini aradan qaldırmaq mümkün olacaq?
– Bunu zaman göstərəcək. Bunu görmək üçün gözləmək lazımdı. Biz çempion olmaq istəyirik. Əgər hər şey bizim istədiyimiz kimi olsaydı, o zaman heç bir dərdimiz olmazdı.
 
– Qışda komandadan futbolçu göndərməyi və yeni transfer etməyi planlaşdırırsınız?
– Bu suallara baş məşqçi daha yaxşı cavab verər. Çünki bu komandayla meydana çıxan baş məşqçidi. Biz məşqçimizə inanırıq. Hansısa dəyişiklik olsa, bu baş məşqçinin tapşırığı ilə olacaq. Amma hazırda heç bir transfer söhbəti yoxdu.
 
– Futbol ictimaiyyəti "Araz Naxçıvan"ın elitaya vəsiqə qazanacağını düşünür…
– Düzdü, bəzi oyunlarda hansısa faktlar olduğundan belə düşünürlər. Amma bu mövsüm 3 komanda çempionluq uğrunda mübarizə aparır. Ona görə də heç kim əvvəlcədən deyə bilməz ki, çempion "Araz Naxçıvan", "Qaradağ Lökbatan" və ya "Neftçala" olacaq.
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Shares: