Con Benjamin Toşakın istefasından sonra "Xəzər Lənkəran"ın doşab alacağı gözlənilsə də, qısa zaman kəsiyində kluba doşab yox, bal gətirildi. Söhbət Oğuz Çətin söz-söhbətlərindən sonra Mustafa Dənizli versiyasının reallaşmasından gedir.
Əlbəttə, hardasa Dənizliyə "bal" deyiriksə, onun sələfi "Real" kimi komandanı çalışdıran Con Benjamin Toşaka və ya Almaniyanı Avropa çempionu edən millimizin çalışdırıcısı Berti Foqtsa nə ad verək – onu bilmirəm.
Amma bizə yaxın olan Türkiyədə böyük uğurlar qazanan məşqçinin Foqts və ya Toşakdan fərqli tükənməməsini nəzərə alsaq, Mustafa hocanın onlardan da üstün olduğunu iddia edə bilərik. Düzdü, "Xəzər Lənkəran"la 1,5 illiyinə anlaşan 64 yaşlı mütəxəssisin komandaya nə dərəcədə fayda verəcəyini bilmək iqtidarında deyilik. Amma istənilən halda bir məşqçinin adı səndə onun gələcək fəaliyyəti haqda konkret fikir formalaşdırır. Ona görə də Mustafa hocanın "Xəzər Lənkəran" üçün doğru seçim olduğunu söyləyə bilərik. Amma onun işinin uğurlu alınması üçün bəzi şərtlər həyata keçirilməlidi. Bax, "Xəzər Lənkəran" rəhbərliyi bu şərtləri həyata keçirə biləcəkmi?
Pul məsələsi bir az şübhəlidi
Əslində, şərt deyəndə maliyyə məsələsini qabartmırdım. Onsuz da bu məsələdə "Xəzər Lənkəran" rəhbərliyi Dənizlinin tələb etdiyi məbləği ödəməyə razılıq verib və tərəflər məvacib məsələsində anlaşıblar. Bu mənada XL heç vaxt məşqçilərlə maliyyə problemi yaşamayıb. Düzdü, Türkiyə mətbuatı Dənizlinin XL-də ilyarıma 6 milyon avro qazanacağını iddia edir. Halbuki bu, ilk baxışdan inandırıcı görünmür. Mustafa hocanın "Qalatasaray"ın çalışdırıcısı Roberto Mançinidən çox məvacib alması nəsə bir fantastik filmə baxıb onun həqiqət olmasını qəbul etmək kimi bir şeydi.
Əlbəttə, bunu tam olaraq inkar etmək də olmaz. Bəlkə də hardasa türkiyəli mütəxəssis bu qədər də olmasa, buna yaxın məbləğə ölkəmizdə çalışacaq. Hər halda, hələ də Türkiyənin böyük klublarını çalışdırmaq gücündə olan Dənizlini Azərbaycana gətirmək üçün xeyli parandan keçməlisən. Nəzərə alaq ki, onun çalışdırdığı klub son illər problemlər dənizində boğulan və hazırda 8-ci pillədə qərarlaşan komandadı. Belə problemli komandanı isə özünə hörmət edən yüksək səviyyəli məşqçi su qiymətinə çalışdırmaz. Deməli, Dənizli burada 6 milyon almasa da, başdöndürücü məvacibə sahib çıxacaq. Ancaq bunu haşiyə olaraq dedim. Sözümün canı, Dənizlinin tələb etdiyi məvacib şərti yox, uğur qazanmaq üçün digər lazım olan şərtlərdi. Hə, indidə keçək əsas mətləbə…
İranda işləməyi üstünlükdü
Futbolda məşqçi adı hər şeyi həll etmir. Bəli, bir mütəxəssisin "əmək kitabçası"nda uzaq və yaxın keçmiş şanlı qələbələrlə zəngin ola bilər. İndi mən Dənizlinin karyerasını vərəqləsəm, gərək XL mövzusunu bir kənara qoyum, dastan yazım. Həqiqətən də, Azərbaycanda hər üç İstanbul nəhəngini çempion edən yeganə məşqçi olan Mustafa Dənizlini tanımayan futbol bilicisi yoxdu. Bu mütəxəssisin çalışdırdığı komandalar demək olar ki, acınacaqlı vəziyyətlə üzləşməyib. Düzdü, Dənizlinin hansısa komandada son dönəmlər fəaliyyəti uğurlu olmaya bilər. Amma istənilən halda, o, çalışdırdığı komandanı nəvaxtsa ya mükafatçılar sırasına çıxarıb, ya da qitəmiqyaslı turnirə daşıyıb. Hələ mən onun Türkiyə millisini AÇ-2000-də 1/4 finala daşıdığını demirəm.
Amma Dənizli haqda xüsusən bir məqama görə xoş fikir səsləndirmək olar. Söhbətin onun İrandakı uğurlu fəaliyyətidi. Düzdü, karyerası boyunca 2 dəfə İrana yollanan Mustafa hocanın bu ölkədə çempionluğu yoxdu. Amma ən pis halda onun komandaları Asiya Çempionlar Liqasına vəsiqə qazanıb. Bəli, bir mütəxəssis öz ölkəsində uğurlu karyera cıza bilər. Amma onun ölkədən kənarda da uğurlu olacağını iddia etmək olmaz. Dənizlinin İran karyerası isə adama "Xəzər Lənkəran" adına təskinlik verir. Düzdü, Dənizli 1989/90 mövsümündə "Allemaniya"da epizodik qələbələri istisna etsək, uğurlu karyera cızmamışdı. Amma nəzərə alaq ki, bu, onun Türkiyədən kənarda çalışdırdığı ilk komanda idi. Üstəlik, həmin vaxtlar Mustafa hoca yalnız "Qalatasaray"ı çalışdırmışdı. İndi isə o, karyerasının ən müdrik dövrlərini yaşayır.
Sözümü ora gətirirəm ki, çalışdığı klublarda ara-sıra rəhbərliklə müəyyən məsələlərdə anlaşmaya varmayan Dənizlinin bu mənada problemləri ola bilərdi. Amma bu problemlər yaranana qədər türkiyəli mütəxəssis ona yaradılan şəraitin əvəzini komandanı layiqli yerlərə daşımaqla ödəmişdi. Belə bir münbit şəraiti "Xəzər Lənkəran" rəhbərliyi və azarkeşləri əl-ələ verib Dənizli üçün yaratmalıdı. Əks halda, ona bu qədər məvacib ödəyib Azərbaycana gətirməyə dəyməzdi. Nəzərə alaq ki, səbirsizlik edib Dənizlini göndərəcəkləri halda "dəvə yükü" qədər təzminat da ödəmək lazım olacaq.
Səbr və dəstək
Dənizlili XL-in uğurlu çıxış etməsi üçün ən əsas şərt səbrdi. Düzü, bu məşqçiylə 1,5 illiyə anlaşmaq böyük uğur qazanmaq üçün qısa vaxtdı. Yəni Dənizlinin bu müddətə XL-i alınmaz qalaya çevirməsi mümkün deyil. Bəlkə də hər şey uğurlu alınsa və ya Türkiyədən cəlbedici təklif gəlməsə, tərəflər müqavilə müddətini uzada da bilər. Amma son illər problemli vəziyyətlə üzləşən komandanı relsə salmaq üçün Mustafa hocaya vaxt vermək lazımdı. Üstəlik, transfer əməliyyatlarını da ona tapşırmaq lazımdı. "Xəzər Lənkəran"a məhz türkiyəli mütəxəssisin qaraladığı oyunçular gətirilməlidi. Daha nə bilim, orada-burada artıq oyunçuları bura cəlb etməklə və ya hansısa komandamızda parlayan ulduzu Dənizlinin xeyir-duası olmadan transfer etmək düzgün deyil.
İngiltərədə yüksək səviyyəli məşqçilər nə üçün uğurlu fəaliyyətləri ilə yadda qalır? Çünki orada transfer əməliyyatları sırf baş məşqçiyə tapşırılır. Dənizliyə də məhz belə imkan verilməlidi. Mais Mənsimov və Tuyqun Nadirov komandanın işlərinə qarışmaqdansa, sağlam mühit yaratmalı və Dənizliyə dəstək verməlidi. Bu mənada üstəlik XL azarkeşlərinin üzərinə də böyük yük düşür. Ardıcıl sıralanan məğlubiyyətlərdən sonra "istefa", "Rednik" və ya "Neftçi" şüarları ilə yadda qalmaqdansa, Dənizliyə sahib çıxmaq lazımdı. Futbol Tanrısı səbr etməyi bacaran komandaları sevir və gec-tez onları mükafatlandırır. Həqiqətən də belə mütəxəssisin "saqqızını oğurlayıb" Azərbaycana gətirmisizsə, özünüzü yandırmayın! Necə deyərlər, hadi koçum, başarılar! Balımız doşab çıxmasın.
FƏRİD





