Bugünlərdə 19 yaşlı oğlanlardan ibarət Azərbaycan yığma komandasında baş məşçqçi vəzifəsi Arif Əsədovdan alınıb Nikolay Adama verildi. Futbolinfo.az xəbər verir ki, aradan bir müddət keçsə də, alman mütəxəsissin köməkçilərinin kim olacağı haqda məlumat verilmir.
Amma əldə etdiyimiz məlumata görə, Adamın yardımçıları artıq bəllidi. Əsədovun dövründə millidə onunla işləyənlərlə çalışmaqdan imtina edən yeni baş məşqçi U-17 yığmasından yaxından tanıdığı məşqçilərə üstünlük verib. Almana Etibar və Üzeyir İbrahimovlar kömək edəcəklər. Qohum olmasalar da, onları birləşdirən məqam illərdi Nikolayla çiyin-çiyinə işləmələridi. Etibar Adamın əsas yardımçısı olacaqsa,
Üzeyir qapıçılarla işləyəcək.
Bu arada əsas millidə Berti Foqtsun məşqçilər korpusunda yer alan Aslan Kərimovun da U-19-a qoşulacağı gözlənilir. Hazırda bu məsələ də AFFA-da müzakirə olunur.
Qeyd edək ki, U-19-da işləyəcək məşqçilərin yaxın vaxtlarda təqdimatının keçirilməsi planlaşdırılıb.





