Hollandiya Futbol Federasiyası gələn il Braziliyada keçiriləcək dünya çempionatından sonra müqaviləsi başa çatacaq Lui van Qaalın yerinə başa milli komandaya baş məşqçi axtarır. Futbolinfo.az xəbər verir ki, onun yerinə bir çox namizədin adının olduğu siyahıda 2 favorit var: Quus Hiddink və Ronald Kuman.
Federasiyadan dəvət alacağı halda danışıqlara gedəcəklərini deyən Hiddinkin meneceri Kis van Nyuvenhuyzen Hollandiya mətbuatına açıqlamasında təcrübəli mütəxəssisin millini çalışdırmağa hazır olduğunu bildirib.
Adı namizədlər arasında olan "Feyenoord"un baş məşqçisi Ronald Kuman da milli komandanı çalışdırmağa hazır olduğunu bildirib.
Bu arada Hollandiya mətbuatı xalqın millinin başında kimi görmək istəməsi ilə bağlı sorğu keçirib. Məlum olub ki, hollandiyalılar Hiddinki yenidən yığmada görmək istəyir. Sorğuda iştirak edənlərin 22 faizi Hiddinkə, 18 faizi Koemana, 12 faizi isə “Ayaks”ın baş məşqçisi Frank De Bura səs verib.





