Türkiyənin PTT 1-ci Liqasında çıxış edən "Kahramanmaraşspor"la yollarını ayıran həmryerlimiz Fərid Quliyev artıq vətənə dönüb. Bu barədə futbolinfo.az saytına açıqlamasında futbolçunun özü məlumat verib:
Quliyevin sözlərinə görə, o, bundan sonra məşqlərini Bakıda davam etdirəcək: "Artıq 5 gün olar ki, Bakıdayam. Məşqlərimi burada davam etdirəcəm ki, formamı itirməyim. Harada məşq edəcəyimi dəqiq bilmirəm. İstəyirəm elə bir yer olsun ki, evimə yaxın olsun. Amma məşq edəcəyim komanda Premyer Liqa təmsilçisi olmayacaq. Sonra bunu səhv başa düşərlər".
27 yaşlı futbolçu Türkiyə klubundan ayrılığını bu cür izah etdi: "İlk 3 turda əsas heyətdə yer almışdım. Sonra problemlər yarandı. Məşqçilərin də gündə biri gedir, biri gəlirdi. Menecerim mənə dedi ki, oynama. Pul alsam oynayardım. Kim gedib legioner kimi hansısa komandada 4 ay pulsuz oynayar? Bütün bunları görəndən sonra klubdan getməyə qərar verdim".
Quliyev qışa qədər klubsuz qalacaq: "Transfer pəncərəsinə qədər gözləyəcəm. Həm yerli, həm də Türkiyə klublarından təklif var. Türkiyədən təkliflər PTT 1-ci liqa komandalarındandı. Burada isə Premyer Liqa klublarından təkliflər var. Yerli klubların adlarını açıqlaya bilmərəm. Amma deyə bilərəm ki, orta səviyyəli komandalardı".
Qeyd edək ki, Fəridin hazırda Türkiyənin "Mersin İdmanyurdu" və "Fəthiyəspor" klublarına keçidi gündəmdədi. Amma Quliyev hələlik konkret bir şey olmadığı üçün bu klublara mümkün keçidi barədə ətraflı danışmaq istəmədi.





