Almaniyanın "Bavariya" klubu təcrübəli futbolçusu David Alaba ilə müqavilə yeniləyib. Futbolinfo.az xəbər verir ki, Münhen təmsilçisi ilə sözləşməsi 2015-ci ildə başa çatacaq avstriyalı futbolçu daha üç il "Bavariya"nın şərəfini qoruyacaq.
"Bavariya"nın yetirməsi olan 21 yaşlı futbolçu ilk rəsmi matçına 2010-cu ildə çıxmışdı. 2018-ci ilə qədər "Bavariya"da çıxış edəcək Avstriya millisinin üzvü komandası ilə yeni müqavilə imzaladığı üçün çox xoşbəxt olduğunu bildirib.
Qeyd edək ki, "Bavariya"nın əsas heyət oyunçularından olan Alaba bu mövsüm 20 rəsmi matçda forma geyinib.





