"Bilirdim ki, AZAL çətin rəqibdi. Güclü bir müdafiəsi olan komandaya qarşı oynayırdıq və hücumlar axtardıq. Demək olar ki, oyunun sonuna kimi top bizdə oldu. Top rəqibdə olanda da intizamlı oynadıq və icazə vermədik ki, top onlarda olsun. Reynaldonun baxımlı qolu sayəsində növbəti mərhələyə adladıq. Belə oyunlarda biz soyuqqanlı olmalıyıq və qələbə qazanmalıyıq. Rəqib gözləyirdi ki, qol buraxmasın. Biz də sona kimi mübarizə apardıq və qalib gəldik. Mən kubok oyunlarına fərqli baxıram. Psixoloji cəhətə gəldikdə isə müdafiəyə üstünlük verən komandalara qarşı oynamaq çətindi" . Futbolinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
 
AZAL-la dünənki kubok oyunu haqda danışan Qurbanov Flavinyonun bağışlanılması məsələsinə də aydınlıq gətirib. Maraqlıdı ki, o, ilk dəfə çox qəzəbli danışıb: "Flavinyonun bağışlanılmasını gözləyirdim. Eşidəndə normal qarşıladım. Ümumiyyətlə, hər il belə hallar olur. "Neftçi" lazımi anda tədbir görür və və onların lehinə qərarlar qəbul olunur. Tendesiya deməzdim. Mən də istəməzdim ki, komandama qırmızı vərəqə verilsin və bu, ləğv olunsun. Sabah eşitsəm ki, başqa futbolçu bağışlanılıb, yenə də təəccüblənmərəm. Qanun qanundu. Oyundan sonra qol ləğv olunmursa, vərəqələr də ləğv olunmamalıdı".
Shares: