FİFA 2014-cü il dünya çempionatında yeniliyə imza atacaq. Belə ki, xüsusilə günorta saatlarına düşən matçlarda hakimlərin oyunlar zamanı kiçik fasilə elan etmələrinə icazə verilib. Futbolinfo.az xəbər verir ki, bu qərar  fasilə zamanı futbolçuların su içə bilmələri üçün qəbul olunub.
 
Bu təklifi FİFA qarşısında İtaliya Futbol Federasiyası qaldırıb. Braziliyada yayın çox isti keçdiyini nəzərə alan ali futbol qurumu isə oyun vaxtı temperatur 32 dərəcəni keçərsə, hakimin hər hissədə 30 dəqiqə keçdikdən sonra matçı dayandırıb, futbolçuların su içmələrinə şərait yaratmasına icazə verib.
 
FİFA həmçinin digər bir qərarla bundan sonra istənilən səviyyəli beynəlxalq oyunlarda tibbi briqadalarda defibrillyatorun olmasını müəyyən edib. Bu, ürək ritminin pozulmasının qarşısını almaq üçün istifadə olunan aparatdı.
Shares: