Bu mövsüm “Simurq”un transfer etdiyi yerli futbolçular içərisində ən çox seçilənlərdən biri də Tural Axundovdu. Futbolinfo.az xəbər verir ki, qısa bir zaman ərzində komandaya uyğunlaşan və əsas heyətin dəyişilməz üzvünə çevrilən Tural klubun rəsmi saytına müsahibə verib.
 
– İlk sual “Simurq”a gəlməyin haqqında olacaq. Necə oldu ki, bu komandanı seçdin?
– Ötən mövsümün sonunda “Rəvan”la müqaviləmin vaxtı bitdi. Mən də keçmiş komandamın rəhbərliyi ilə danışdım və bildirdim ki, getmək istəyirəm. Onlar da əgər yaxşı təklif olacağı halda, məni buraxacaqlarını bildirdilər. Həmin vaxt iki-üç komandadan dəvət var idi. Mən isə seçimimi “Simurq”dan yana etdim. Buna görə də peşman deyiləm.
 
– İlk vaxtlar əsas heyətə düşməkdə çətinlik çəkdin. Ancaq hazırda sabit oynayırsan. Hazırkı durumun səni qane edirmi?
– Təbii ki, yeni gələndə məşqçilər məni komandaya uyğunlaşdırmağa çalışdırırdı. Bu səbəbdən ilk turlarda əvəzetmələrdən şans verirdilər. Hazırda isə, şükürlər olsun ki, “Simurq”un oyun üslübuna tam uyğunlaşa bilmişəm və mənə inanıb əsas heyətdə meydana buraxırlar. Mən də öz növbəmdə çalışıram ki, onların inamını doğrulda bilim. 
 
– Artıq 15 tur geridə qalıb. Hazırkı nəticəni “Simurq” üçün necə dəyərləndirirsən?
– Çox təəssüf ki, bir neçə oyunda vacib xallar itirdik. Həmin qarşılaşmalarda istədiyimiz nəticələri qazana bilmədik. Ancaq biz öz gücümüzə inanırıq. Qarşıdakı oyunlarda daha yaxşı nəticələr göstərib, layiq olduğumuz pilləyə qalxacayıq.
 
– Ölkə kubokunda “Araz Naxçıvan”a məğlub olmağınıza nə səbəb oldu?
– Birinci növbədə meydançanın bərbad vəziyyətdə olmasını qeyd edərdim. Orada furbol oynamaq qeyri-mümkün idi. Əgər bu görüş başqa bir meydanda keçirilsəydi, biz “Araz”ı çox rahatlıqla keçərdik. Artıq bu oyun bizim üçün geridə qaldı. Bütün diqqətimizi çempionata verməliyik ki, rəhbərliyin bizim qarşımıza qoyduğu nəticəni göstərə bilək. Bu oyunda dərs almalı olduğumuz çox şey var idi. “Araz”da zəif komanda deyil. Ancaq hər nə olur olsun, bu oyunda biz qalib gəlməliydik. İnşallah, Premyer Liqada qazandığımız nəticə ilə bu məğlubiyyəti unutdurarıq.
 
– Bu görüşdə qırmızı vərəqə aldın. Hakimin bu qərarın necə dəyərləndirirsən?
– İlk sarı vərəqədə görüşün baş hakimi Orxan Məmmədovun qərarı ilə razıyam. Ancaq ikinci ilə yox. Çünki həmin vaxt sarı vərəqə ilə cəzalanmamalıydım.  Hətta oyunu saxlayıb məni cəzalandıranda çox təəccübləndim. Fikrimcə, hakimin o qərarı səhv idi.      
 
– "Simurq"u “Qəbələ” ilə çətin oyun gözləyir. Bu görüş haqqında nə düşünürsən?
– Biz bura yalnız qələbə üçün gəlmişik. Çünki başqa şansımız qalmayıb. İnanıram ki, sonda üç xalı qazanan tərəf biz olacağıq. Özümüzü toparlamaq üçün bu, vacib amildi.
 
– Zaqatalaya uyğunlaşmaqda çətinlik çəkmirsən?
– Təbii ki, yox. Zaqatala da Azərbaycanımızın gözəl guşələrindən biridi. Məşqimizi edirik. Boş vaxtlarımızda çıxıb şəhəri gəzirik. Burada bizim üçün hər bir şərait yaradılıb. Bu baxımdan heç bir çətinlik çəkmirəm.
 
– “Simurq” hazırda çempionatda azarkeşləri ilə də fərqlənir. Komandanın kapitanlarından biri olaraq, onlara nə deyərdin?
– Onlardan istəyimiz budu ki, bizi sona qədər dəstəkləsinlər. Çalışacağıq ki, onları sevindirən nəticələr qazanaq. Qələbələrimizi birlikdə qeyd edək. Komandaya inansınlar. Hər bir nəticədə bizi yalnız buraxmasınlar. 
Shares: