Bizim peşəmiz, yəni idman jurnalistikası əslində son dərəcə maraqlı bir sahədi. Necə də olmasa, dünyanın ən maraqlı işlərindən birini görürük. Ən maraqlısı da odu ki, gördüyümüz bu iş əslində hər birimiz üçün bir hobbi olduğu halda, eyni zamanda da qarşılığında pul qazanırıq. Hələ sırf peşə vəzifəmizi yerinə yetirərkən ölkəmizi, dünyanı gəzməyin kefini çıxarmağımızı, yeni insanlar tanıdığımızı, dostlar qazandığımızı demirəm.
 
Amma bu, dağın görünən tərəfidi. Bu dağın o biri üzündə heç də xoşa gəlməyən, hətta bizi bu peşəni seçməklə düz addım atıb-atmadığımıza düşündürən məqamlar da yetərincədi. Əvvəla elə futbolumuzda olan bitib-tükənməyən problemləri, eybəcərlikləri qeyd edim. İllərdi bu problemlərdən yazırıq, gözümüzü "mazol" edən həmin eybəcərliklərin aradan qaldırılmasına çalışdırıq. Bunun müqabilində dəyişən çox az şey var. Belədə təbii ki, biz də bəzən ruhdan düşürük, özümüzü boşuna yorurmuş kimi təsəvvür etməli oluruq. Gəl ki, illərimizi qurban verdiyimiz bu peşəni birdən-birə tərk etmək də ağır gəlir. Yuxarıda da qeyd etdiyim kimi, əksər həmkarlarım üçün bu iş təkcə "çörək mənbəyi" yox, həm də bir hobbidi. Odu ki, üzləşdiyimiz hər çətinliyə, haqsızlığa rəğmən, yolumuza davam etmək istəyirik. Bəlkə bir gün bizim futbol da həsəd apardığımız ölkələrinki səviyyəsinə çatar deyə…
 
Futbolumuzda gördüyümüz hər çatışmazlığı yazmağımıza baxmayaraq, bizi yenə də qınayanlar var. Ötən gün bir "Neftçi" azarkeşinin sosial şəbəkələrdən birində bəndənizə müraciəti də belə qınaqlarla zəngin idi. Düzdü, o, bütövlükdə ölkə futbolundakı problemləri yox, sadəcə azarkeşi olduğu klubla bağlı çatışmazlıqları, xoşuna gəlməyən məqamları qabartmağa çalışıb. Bu üzdən onun bəzi iradlarını paylaşmaq qərarına gəldim:
 
"Neftçi" son 3 mövsümdə çempion olub, hamımızı sevindirsə də, yaydan bəri komandada baş verənlər məni çox narahat edir. Böyükağa Hacıyevin gedişi ilə sanki komandanın "bərəkəti" də qaçıb. Tərlan Əhmədova böyük ümidlər bəsləsək də, onun işi uğursuz oldu. Nazim Süleymanovun gətirilməsindən sonra hər şeyin qaydasına düşəcəyini güman edirdik. Amma turlar keçdikcə məlum olur ki, "Neftçi"nin dərdinə Süleymanov da dərman tapacaq gücdə deyil. "Qarabağ"a məğlubiyyət bütün "Neftçi"sevərlər kimi, məni də çox məyus etdi. Hətta deyərdim ki, dəli etdi. Komandamız əzəli rəqibinə qarşı layiqli oyun sərgiləyib uduzsaydı, bizə bu qədər ağır təsir etməzdi. Ancaq məsələ burasındadı ki, bu komanda ya doğrudan oynaya bilmir, ya da oynamaq istəmir. Mənə elə gəlir ki, sonuncu versiya daha inandırıcıdı. Çünki biz azarkeşlər "Neftçi" futbolçuları arasında lazımı səmimiliyin, birliyin olmadığını hiss edirik. Sanki futbolçular özləri oynamaq istəmirlər. Siz jurnalistlər bunu niyə yazmırsız? Başqa vaxt PFL-in, hakimlərin "Neftçi"yə "işlədiyini" car çəkirsiz. Amma komandanın daxilində baş verənləri yazmırsız. Axı "Neftçi"ni yıxanlar elə klubun öz içindəkilərdi. Yazın ki, "Neftçi"nin futbolçuları bilərəkdən oynamırlar! Bunun nədən qaynaqlandığını bilmirik. Bildiyimiz bircə şey varsa, o da Böyükağa Hacıyevlə bağlıdı. Bu adam baş məşqçi postundan gedəndən az sonra yenidən kluba qaytarıldı. Elə həmin dövrdən etibarən "Neftçi"də işlər qaydasında getmir. Əgər futbolçular onun yenidən baş məşqçi gətirilməsini istəyirlərsə, klub prezidenti Sadıq Sadıqov bu addımı gecikdirməsin. Yox, belə bir addım atmaq fikri yoxdusa, onda Hacıyevi klubdan tamamilə uzaqlaşdırsın. Əks halda "Neftçi" bu gedişlə uçuruma gedir. Bizə hər oyunda ürəklə mübarizə aparan, uduzsa da, meydanda kişi kimi can qoyan oyunçular, kollektiv lazımdı. Daha 90 dəqiqəni yola verən komanda yox".
 
Ola bilər ki, iradlarının bir qismini diqqətinizə çatdırdığım bu azarkeş fikirlərində haqlıdı. Amma digər klublarımız kimi, "Neftçi"dəki problemləri də həm biz, həm də digər həmkarlarım yeri gəldikcə qabardırlar. Həmin problemlərin vaxtında həll olunmaması isə bizim günahımız deyil. İradlarınızı elə sizin dilinizdən birbaşa həm oxucularımıza, həm də böyük ehtimalla ünvanına çatdırmış olduq. İndi həm sizə, həm də bizə hadisələrin bundan sonra necə inkişaf edəcəyini gözləmək qalır. Doğrudan da azarkeşin dediyi kimi, "Neftçi"nin indiki problemi yalnız Hacıyevlə bağlıdısa, bununla bağlı lazım olan addımı atmaq lazımdı. Əks halda Sadıqov paytaxt klubu ilə 5 ardıcıl çempionluq sevinci yaşamaq arzusuna çatmaya bilər. 
Shares: