Xəbər verdiyimiz kimi, Türkiyənin PTT 1-ci Liqasında mübarizə aparan “Şanlıurfaspor” klubunun meneceri Murat Daldık artıq bir neçə gündü Bakıda idi. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçuları iş başında görmək üçün ölkəmizə təşrif buyuran qonaq bir neçə oyunu da canlı izləmişdi.
Bəyəndiyi oyunçular olduğu halda danışıqlara başlayacaqlarını qeyd edən Murat bəy azərbaycanlı futbolçuların Türkiyədə yerli oyunçu statusu ilə oyndadıqları üçün maksimum 2 futbolçu alacaqlarını bildirmişdi. Əldə etdiyimiz məlumata görə Daldık nisbətən gənc futbolçulara üstünlük verəcək. Artıq onun gözaltı etdiyi futbolçulardan birinin adı dəqiqləşib. Bu, "Sumqayıt" klubunun hüçumçusu Nurlan Novruzovdu.
Saytımıza açıqlama verən gənc hüçumçu bu xəbərə münasibət bildirib: "Vallah, nə deyim? Bu haqda daha dəqiq yanvar ayında danışmaq olar. Hazırda bütün fikirlərim qarşıdakı 2 oyuna yönəlib. Bu, oyunlardan sonra nəsə deyə bilərəm".
Lakin əldə etdiyimiz məlumata görə, Türkiyə klubunun rəsmisi Novruzovun meneceri ilə görüşərək ilkin razılaşma əldə edib. Nurlanın özünün də bu keçiddə maraqlı olduğu bildirilir. Çox güman ki, yanvar ayında "yerli Maradona" ölkəmizi Türkiyənin PTT 1-ci liqasında təmsil edəcək.
Maraq üçün qeyd edək ki, Nurlan "Sumqayıt"da icarə əsasında çıxış edir. O, müqavilə ilə "Bakı"ya məxsusdu. Çox güman ki, Türkiyə klubu onu transfer edəcəyi təqdirdə paytaxt klubu ilə danışıqlara başlamalıdı.





