Topaz Premyer Liqasının 15 və 16-cı turlarında "Sumqayıt"ın şərəfini qoruyan Samir Abbasov və Ruslan Qurbanovun hakimləri təhqir etdiyi barədə xəbər vermişdik. Futbolinfo.az saytında onların bu hərəkətləri ilə bağlı tənqidi yazı da getmişdi.
 
Məhz bu yazıdan sonra klub prezidenti Kamran Quliyev sözügedən məsələ ilə bağlı rəsmi fikir bildirib. Klub rəhbəri saytımıza açıqlamasında bunları dilə gətirib:
 
"Bu, futboldu və çox futbolçular meydanda təhqiredici ifadələr işlədir. Bu məsələnin bu qədər şişirdilməsini başa düşmürəm. Düzdü, futbolçu söyüş söyməklə düzgün hərəkət etməyib. Bu hərəkətinə görə həmin futbolçulara cəza veriləcək. Amma o cəzanın nədən ibarət olduğunu açıqlamaq istəmirəm. Çünki bu, komandanın "mətbəx"ində olan hadisədi. Bunun ictimailəşdirilməsini istəmirik. Yenə deyirəm, bu hərəkətlərinə görə futbolçular cəzalandırılacaq".
 
Daha sonra Quliyev öz şikayətini də bildirib: "Amma istəyərdim ki, bu söyüş söyən futbolçularla yanaşı bizim işimiz də işıqlandırılsın. Biz yerli futbolçularla, məşqçilərlə işləyirik. Ancaq bunu işıqlandıran yoxdu. Yerli futbolçu yetişdiririk. Yetişdirmək o demək deyil ki, indi ortada nə var. Təbii ki, aşağıdan başlamaq lazımdı. Binanı birdən-birə tikmək olmaz. Kərpic-kərpic ucaltmaq lazımdı".
Shares: