"Bakı"nın və millimizin hüçumçusu Rauf Əliyevin futbolinfo.az saytına müsahibəsi
– "Qarabağ"la oyuna hazırlıq necə gedir?
– Hazırlığımız normal keçir. Bu gün də məşq etdik. Artıq oyunun vaxtını gözləyirik.
– Heyətlə bağlı probleminiz yoxdu ki?
– Hər şey yolundadı. Heyətlə bağlı elə də ciddi problem yoxdu.
– "Qarabağ"la oyundan hansı nəticəni gözləyirsiz?
– 3 xal bizə çox vacibdi. Güclü komanda ilə qarşılaşdığımız üçün bizə çətin olacaq. Qələbə qazansaq, lap əla olar. Amma belə bir rəqibə qarşı heç-heçə də pis olmaz.
– İlk dövrədəki oyunda 3 cavabsız qolla məğlub olmuşduz. Revanş hissi varmı?
– Yox, mən buna revanş hissi deməzdim. Əsas odu ki, bu oyunda qalib gələk.
– "Qarabağ"ın heyətində ciddi itkilər var. Bu, sizə hansısa üstünlük qazandıra bilər?
– "Qarabağ" kimi komandada belə itkilər elə də problem yaratmaz. Geniş heyətə sahibdi. Ona görə bunu komandamız üçün üstünlük saymıram.
– Bəs rəqiblə doğma meydanda qarşılaşmağınız necə?
– Bu da üstünlük sayıla bilməz. Qələbə qazanmaq üçün var gücümüzü ortaya qoymalıyıq. Bu, bizim üçün çox önəmlidi.
– Bu da üstünlük sayıla bilməz. Qələbə qazanmaq üçün var gücümüzü ortaya qoymalıyıq. Bu, bizim üçün çox önəmlidi.
– Keçmiş komandanıza qarşı oynayacaqsız. "Qarabağ"la görüşün sizin üçün xüsusi əhəmiyyət kəsb etdiyini demək olar?
– Digər komandalara qarşı necə, "Qarabağ"la matça da elə hazırlaşıram. "Qarabağ"a qarşı bundan əvvəl də oynamışam. Bu matça normal çempionat oyunu kimi yanaşıram.
– "Qarabağ"a qol vursaz, sevinəcəksiz?
– Bu, mənim özümdən asılı deyil. Hər şey ola bilər.
– Qol vuracağınız təqdirdə sevinsəz, sizcə ağdamlı azarkeşlər bunu necə qarşılayar?
– Mən artıq 1 ildi ki, "Qarabağ"dan ayrılmışam. Belə hadisələrə dünya futbolunda çox rast gəlmişik. Azarkeşlər baxımından inanmıram ki, problem olsun.
– "Qarabağ"la oyundan sonra "Qəbələ" ilə səfər görüşünüz də var. Bu iki oyundan maksimum xal toplamaq şanslarınızı necə qiymətləndirirsiz?
– Öncə biz "Qarabağ"la oyunu fikirləşirik. İki oyuna 4 xal qazansaq, əla olar.
– "Bakı" son oyunlarda qələbə qazansa da, bütövlükdə sabit çıxış etmir. Xeyli xal itirmisiz. Bu qeyri-sabitliyin səbəbi nədi?
– Bu, komandanın yeni olmasından irəli gələ bilər. Komandanın 80%-i yeni oyunçulardan təşkil olunub. Bunun üçün də komandamızdan daha yaxşı nəticə gözləmək bir az çətin məsələdi. Bizə vaxt lazımdı. Tədricən öz oyunumuzu tapırıq.
– Vaqif Cavadov noyabr ayının ən yaxşısı seçildi. Sizcə, o, buna layiq idi?
– Fikrimcə, Vaqif buna layiqdi. Son vaxtlar yaxşı oyun nümayiş etdirir. Hazırda çempionatın bombardiridi. Komandasına vacib xallar qazandırır. Mən də Vaqifi təbrik edirəm.
– AFFA bu yaxınlarda 2013-cü il üçün millidəki ən yaxşı futbolçuları mükafatlandıracaq. Sizcə, millimizin ən yaxşısı kim olmalıdı?
– Millidə oynayan hər bir futbolçu buna layiqdi.
– Özünüzün ən yaxşı seçilmənizi gözləyirsiz?
– Özümü heç vaxt fərqləndirməmişəm. Hər zaman mətbuat orqanları, futbol adamları seçim edirlər. Əsas onların fikridi. Kim seçilsə, hörmətlə qarşılayaram. Kim layiqdisə, o da seçilsin.
EMİN SƏFƏROV





