Bu gün Topaz Premyer Liqasında 17-ci tura start veriləcək. Futbolinfo.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Bu qarşılaşmalardan biri Zaqatalada baş tutacaq. "Simurq" doğma azarkeşlər önündə AZAL-ı sınağa çəkəcək. "Təyyarəçilər" bu rəqiblə oyunlarda böyük üstünlüyə malik olsa da, son 4 matçda heç-heçə qeydə alınıb. AZAL indiyə qədər bu rəqibinə 8 dəfə qalib gəlib. Daha 8 görüşdə heç-heçə qeydə alındığı halda, Zaqatala klubu cəmi 3 dəfə 3 xala sevinən tərəf olub. Topların fərqində də paytaxt təmsilçisi böyük üstünlüyə malikdi – 26:16. "Simurq"un AZAL-la son oyunlarda böyük sindromu var. Belə ki, ümumilikdə son 11 görüşdə bakılılar meydanı ən azı 1 xalla tərk edir.
Azərbaycan Kubokunda "Araz Naxçıvan"a və Premyer Liqada "Qəbələ"yə məğlubiyyətdən sonra "Simurq"da psixoloji vəziyyət o qədər də yaxşı deyil. Məhz bu üzdən də AZAL-la oyun ev sahibləri üçün ciddi əhəmiyyət kəsb edir. Əgər Zaqatala klubu bu gün meydandan qələbə ilə ayrılsa, turnir cədvəlində "təyyarəçilər"i qabaqlayacaq. AZAL-ın vəziyyəti isə göz qabağındadı. Heyətdə problemlər olsa da, Şüvəlan təmsilçisi səfərə 3 xal üçün yollanır. AZAL-ı 1 pillə qabaqlayan "Bakı"nın "Qarabağ"la çətin sınağını nəzərə alsaq, Vaqif Sadıqovun komandasının qələbə sayəsində turnir cədvəlində bir neçə pillə irəliləyəcəyini demək olar. Cari mövsümdə ilk dəfə Şüvəlanda üz-üzə gələn cütlüklər meydandan 1:1 hesablı bərabərliklə ayrılmışdı.
Günün digər oyunu isə paytaxtda baş tutacaq. "İnter" doğma meydanda autsayder "Sumqayıt"ı sınağa çəkəcək. Əvvəlki ev oyunlarında rəqibini məğlub edən “İnter” 6-cı dəfə qarşılaşacağı rəqiblə görüşlərdə hələ uduzmayıb. 4 oyunda qələbə qazanan "bankirlər" bu rəqibinə yalnız 1 oyunda xal verib. Sumqayıtlılar əvvəlki 5 matçda qola da həsrət qalıb. Təbii ki, "İnter" bu göstəricidə də öndədi – 7:0.
Heyətdə ciddi problemləri olan Sumqayıt təmsilçisini çətin oyun gözləyir. Belə ki, Samir Abbasov, Slavik Alxasov və Ruslan Qurbanov bugünkü oyunda komandasının çıxışını tribunadan izləyəcək. Əsas heyətdə 3 nəfərin yoxluğu Aqil Məmmədovu çətin vəziyyətə salıb. "İnter"də isə əhval-ruhiyyə yüksəkdi. Son turlarda qazanılan "Neftçi" (3:1) qələbəsi, kubok uğrunda yarışda "Şuşa" darmadağını və "Xəzər Lənkəran"la heç-heçə "bankirlər"in oyuna olan motivasiyasını artırıb. Qazanılan xallar Kaxaber Sxadadzenin komandasını yuxarı pillələrə daşımasa da, aşağıdakı rəqiblərdən uzaqlaşdıra bilər. Sumqayıtda keçirilən ilk qarşılaşmada "bankirlər" rəqib qapısından 2 cavabsız top keçirmişdi.
Topaz Premyer Liqası
7-ci tur
14 dekabr (şənbə)
17:00. Simurq – AZAL
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Elşən Acalov, Tahir Əhmədov.
Əlavə köməkçi hakimlər: Feyzulla Feyzullayev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Şahin Cəfərov.
Zaqatala şəhər Olimpiya İdman Kompleksinin stadionu.
17:00. İnter – Sumqayıt
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Elman Musayev, Nail Nağıyev.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Bakı. “Şəfa” stadionu.
| 1 | Qarabağ | 16 | 9 | 6 | 1 | 28 | 9 | +19 | 33 |
| 2 | Qəbələ | 16 | 10 | 2 | 4 | 24 | 14 | +10 | 32 |
| 3 | Neftçi | 16 | 9 | 4 | 3 | 24 | 16 | +8 | 31 |
| 4 | İnter | 16 | 7 | 3 | 6 | 25 | 19 | +6 | 24 |
| 5 | Bakı | 16 | 7 | 3 | 6 | 27 | 18 | +9 | 24 |
| 6 | AZAL | 16 | 5 | 6 | 5 | 15 | 19 | –4 | 21 |
| 7 | Simurq | 16 | 4 | 7 | 5 | 13 | 14 | –1 | 19 |
| 8 | XL | 16 | 3 | 7 | 6 | 11 | 21 | –10 | 16 |
| 9 | Rəvan | 16 | 1 | 6 | 9 | 9 | 28 | –19 | 9 |
| 10 | Sumqayıt | 16 | 1 | 4 | 11 | 8 | 26 | –18 | 7 |
Bombardirlər:
8 – Vaqif Cavadov (İnter)
7 – Reynaldo (Qarabağ), Mindauqas Kalonas (Bakı).
6 – Əfran İsmayılov (Bakı), Daniel Subotiç (Qəbələ).
5 – Baçana Sxadadze (İnter), Bahodir Nasimov (Neftçi), Nikolas Gelaşvili (Qarabağ), Leonardo da Silva (Qəbələ).





