Xəbər verdiyimiz kimi, bu gün futbol üzrə Azərbaycan 1-ci divizionunun 14-cü turu çərçivəsində də maraqlı oyun keçirilir. Futbolinfo.az xəbər verir ki, "Bayıl Arena"da turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan "Neftçala" lider "Araz Naxçıvan"la qarşılaşır.
 
Liderlərin qarşılaşması gərginliyi ilə seçilir. Futbolinfo.az saytının bu oyuna ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, matçın 70-ci dəqiqəsində "Neftçala"nın futbolçusu Fərid Səmədzadəyə qarşı rəqib futbolçu kobud oynayıb. Yerdə qalan futbolçu həmin epizodda söyüş söydüyü üçün baş hakim Fariz Yusifov tərəfindən qırmızı vərəqə ilə meydandan qovulub. Lakin bu, qarşılaşmadakı gərginliyi daha da artırıb. Belə ki, "Neftçala"nın texniki zonada əyləşən futbolçuları və məşqçiləri buna etiraz ediblər. Klubun prezidenti Famil Səfiyev isə hakimi təhqir etməkdən də çəkinməyib.
 
Bundan az sonra qarşılaşmada daha ciddi gərginlik yaşanıb. "Araz Naxçıvan"ın hücumu zamanı "Neftçala"nın iki futbolçusu zədələnib yerdə qalsa da, qonaqlar oyunu dayandırmayıblar. Nəticədə bu, tərəflər arasında çox ciddi münaqişəyə səbəb olub. Futbolçular arasında düşən dava-dalaşın məntiqi nəticəsi kimi Yusifov hər iki komandanın "9 nömrəsini" – Orxan Müzəffərli və Eşqin Quliyevi meydandan qovub.
 
Qeyd edək ki, matç hazırda "Neftçala"nın 1:0 hesablı üstünlüyü ilə davam edir.
Shares: