Türkiyənin PTT 1-ci liqasında çıxış edən “Kahramanmaraşspor” klubundan problemli şəkildə ayrılan Fərid Quliyevin futbolinfo.az saytına müsahibəsi
– “Kahramanmaraşspor”dan problemli şəkildə ayrıldız. Halbuki, ora böyük ümidlərlə getmişdiz…
– Düzdü, orada maliyyə məsələləri ilə bağlı problemim oldu və klubdan ayrıldım. Mən onları məhkəməyə verəcəm. Ancaq indiki halda məhkəməyə müraciət etsəm, transferim dondurulacaq və başqa kluba keçə bilməyəcəm. Ona görə də yanvar fasiləsini gözləməliyəm. Fasilədə özümə klub tapdıqdan sonra FİFA-ya müraciət edəcəm.
– Müqaviləni birtərəfli şəkildə pozduz?
– Bəli, birtərəfli şəkildə pozdum. Türkiyə Futbol Federasiyasında belə bir qanun var ki, futbolçu 3 ay maaşını almırsa, birtərəfli şəkildə müqaviləsini poza bilər. TFF-yə müraciət etdim və bu qanuna əsasən klubdan ayrıldım.
– Hansısa klublardan təklfilər var?
– Türkiyədən təkliflər var. Amma qış fasiləsini gözləməyi üstün tuturam. Çünki transfer pəncərəsi açıldığı zaman daha çox komandalardan təkliflər olacaq. Buna görə də hələ qərar verməyə tələsmirəm. Elə komandalar olacaq ki, məşqçilər dəyişiləcək. Çox şey ola bilər. Ona görə gözləməliyəm.
– Azərbaycan çempionatının bombardiri olmusuz. Premyer Liqanın hansısa klublarından təklif olub?
– Var. Azərbaycan klublarından da təklif var. Daha doğrusu, bir klub məni heyətində görmək istəyir. Amma bacardığım qədər istəyirəm ki, xaricdə oynayım.
– Yayda “Mersin İdman Yurdu”na da keçə bilərdiz. Bu transfer niyə baş tutmadı?
– O zaman iki komanda var idi. Menecerim bu komanda ilə razılığa gəldiyi üçün Mersin təmsilçisinə transferim alınmadı.
– Sizi heyətində görmək istəyən Azərbaycan klubunun adını açıqlaya bilərsiz?
– Yox, adını deyə bilmərəm. Danışıq da aparmamışam. Çünki xaricdə oynamaq istəyirəm.
– Türkiyədən təklif aldığınız klublar iddialıdımı?
– PTT 1-ci liqada 19 komandadan 10-u çempionluq üçün mübarizə aparır.
– Sizi "Kahramanmaraşspor"a aparan məşqçi də komanda ilə cəmi bir oyuna çıxdı…
– Düzdü. Çünki o da qısa müddətdə klubda çox ciddi maliyyə problemlərinin olduğunu gördü. Üstəlik, onun istədiyi 2-3 futbolçunu komandaya gətirmədilər.
– Bildiyimizə görə, hazırda “Şuşa” klubu ilə məşq edirsiz…
– Bəli, orada məşq edirəm ki, formasız qalmayım. Məşqlərə davam edirəm. Klub tapana qədər orada məşqlərimi davam etdirəcəm.
ELSEVƏR





