AFFA-nın bu gün keçirdiyi ilin futbolçularının mükafatlandırılması mərasimindən sonra milli komandanın baş məşqçisi Berti Foqts jurnalistlərə müsahibə verib. Futbolinfo.az xəbər verir ki, almaniyalı çalışdırıcı brifinq zamanı AFFA ilə danışıqlar apardığını təsdiqləyib.
Foqts öncə ilin ən yaxşıları ilə bağlı fikirlərini açıqlayıb: “İlin futbolçusu 1 qola, 1 ötürməyə, 1 oyunda yaxşı müdafiə olunmağa görə verilmir. Futbolçunun il ərzindəki çıxışı nəzərə alınmalıdı. Rəşad kapitan və lider kimi ilin futbolçusu olmağa layiqdi. O, doğrudan da komandasını arxasınca apara bilir.
Yığmamızın çalışdırıcısı sabah keçiriləcək AFFA İcraiyyə Komitəsinin iclasında iştirak etməyəcəyini bəyan edib: "Heç vaxt İK-nın iclasında iştirak etməmişəm. Sabah da orada olmayacam. Çünki mən İcraiyyə Komitəsinin üzvü deyiləm".
Amma almaniyalı məşqçi AFFA ilə danışıq apardığını təsdiqləyib: "Çoxlu danışıq aparmışıq. Yeni müqavilə bağlasaq, anlaşmamızda ən əsas şərt o olacaq ki, mən burada çox vaxt keçirməliyəm və daha çox təlim-məşq toplanışı təşkil etməliyik. Ən vacib məsələ budu. Komanda lazımi qədər məşq etsə, biz səviyyəmizi artıra bilərik. Hər bir insanın arzuları olur. Elə arzular var ki, reallaşır, elələri də var ki, gerçəkləşmir. Final mərhələsinə 24 komanda vəsiqə qazanacaq. Ancaq hər şeydən əvvəl biz seçmə qrupların necə təşkil olunacağını və hansı yığmaların bizə rəqib olacağını nəzərə almalıyıq. Sözsüz ki, məqsəd olmalıdı. AFFA-nın belə hədəf qoyması yaxşı haldı. Bu göstərir ki, hazırda millimizin səviyyəsi o qədər də zəif deyil. Ancaq biz bu səviyyəni artırmalıyıq. Yalnız danışmaqla, arzulamaqla qrupda 3-cü pilləni tutmaq olmaz. Çətin olsa da, bunu reallaşdırmağa çalışmalıyıq".





