AÇ-2016-nın reqlamenti açıqlanıb. Futbolinfo.az xəbər verir ki, reqlamentdə təsnifat mərhələsi daxil olmaqla, 2016-cı ilin 10 iyulunda Parisdə keçiriləcək final oyununa qədər yarışın gedişiyyatı əksini tapıb.
Bu Avropa çempionatı ilk dəfə olaraq 24 komandanın iştirakı ilə keçiriləcək. Fransa ev sahibi kimi turnirə birbaşa vəsiqəni təmin edib. Final mərhələsinə qatılmaq üçün 53 milli komanda təsnifat mərhələsində mübarizə aparacaq. Yığmalar hər birində beş və ya altı iştirakçı olmaqla, qruplara bölünəcək. Təsnifat mərhələsinin püşkatma mərasimi 2014-cü il fevralın 23-də Fransanın Nis şəhərində keçiriləcək. Qitə birinciliyinin final mərhələsinin 10 iyun – 10 iyul aralığında keçirilməsi nəzərdə tutulub.
Komandalar səbətlərə bölünəcək. Bölgü zamanı UEFA-nın əmsallar cədvəli əsas götürüləcək. Bu barədə məlumat UEFA İcraiyyə Komitəsinin 2014-cü ilin yanvarın 23 və 24-də İsveçrənin Nyon şəhərində keçiriləcək iclasından sonra elan ediləcək.
UEFA təsnifat mərhələsinin keçirilmə sxemində də dəyişiklik edib. Bu addım azarkeşlərin oyunları televiziya vasitəsi ilə izləməsinə daha çox imkan yaratmaq üçün atılıb.
“Futbol həftəsi” adlı yeni konsepsiyaya görə, oyunların cümə axşamından çərşənbə axşamına qədər keçirməsi nəzərdə tutulub. Oyunların başlama vaxtı istirahət günləri Mərkəzi Avropa vaxtı ilə (CET) 18:00, 20:45, iş günlərində isə 20:45-ə təyin edilib. Cütlük oyunları növbəti sxemlə oynanılacaq: cümə axşamı/bazar günü, cümə/bazar ertəsi və ya şənbə/çərşənbə axşamı
Seçmə oyunların keçirilmə vaxtı:
1-ci tur: 7/8/9 sentyabr 2014
2-ci tur: 9/10/11 oktyabr 2014
3-cü tur: 12/13/14 oktyabr 2014
4-cü tur: 14/15/16 noyabr 2014
5-ci tur: 27/28/29 mart 2015
6-cı tur: 12/13/14 iyun 2015
7-ci tur: 3/4/5 sentyabr 2015
8-ci tur: 6/7/8 sentyabr 2015
9-cu tur: 8/9/10 oktyabr 2015
10-cu tur: 11/12/13 oktyabr 2015
Doqquz qrup qalibi və qrup ikincisi, o cümlədən ən yaxşı nəticəni göstərmiş qrup üçüncüsü final mərhələsinə birbaşa vəsiqə əldə edəcək. Digər üçüncü yer sahibləri isə yarışa qatılmaq üçün pley-off oyunlarında gücünü sınayacaq.
Pley-off oyunlarının keçirilmə vaxtı:
İlk oyunlar: 12/13/14 noyabr 2015
Cavab oyunları: 15/16/17 noyabr 2015





